BBC əməkdaşlarının təqibinə görə Tehranı tənqid edib

BBC-nin baş direktoru İranı BBC əməkdaşlarına qarşı “təqib və hədə-qorxu kampaniyasında” suçlayıb.
Mark Thompson deyib ki, İran hüdudlarından kənarda işləyən BBC Fars Xidmətinin əməkdaşları əleyhinə son aylar ərzində hədə-qorxuların sayı artıb və onların İrandakı qohumları hədəflənir.
Baş direktor BBC Fars Xidmətinin əməkdaşının bacısının ötən həftə İranda həbsə alınaraq tək adamlıq kamerada saxlanıldığını misal çəkib.
Bir qədər sonra həmin şəxs azad olunsa da, onunla rəftar BBC başçısı tərəfindən qeyri-məqbul kimi dəyərləndirilib.
Mark Thompson BBC işçilərinin İrandakı qohumlarına təzyiq edib kəşfiyyatla əməkdaşlığa cəlb etmək hallarını qeyd edib.
Bununla yanaşı BBC əməkdaşlarının Facebook hesabları haker hücumlarına məruz qalıb.
Media təşkilatının başçısı Tehranı İrandakı hadisələrin “qərəzsiz və balanslı” işıqlandırılmasına görə BBC əməkdaşlarına təzyiq etmək cəhdində suçlayıb.
Mark Thompson deyib ki, Britaniyada çalışan BBC işçiləri evlərinə qayıtmaqdan qorxurlar.
























