Türkiyə: inflyasiya son 3 ilin zirvəsinə çatıb

Şəklin mənbəyi, Reuters
Türkiyədə ilin ilk ayında inflyasiya son üç ilin ən yüksək səviyyəsinə çatıb
Milli valyutanı dəstəkləmək səylərinə rəğmən inkişaf edən iqtisadiyyatlarda dəyərinin 20 faizini itirən lira ən aşağı göstəricilərə malik olan valyuta qalır.
Qiymət artması təhsil sahəsindən tutmuş geyim, qida və xidmət sektorunadək öz təsirini göstərməkdədir.
İllik qiymət artımı ikinci aydır ki, 10 faizdən yuxarı olub.
Türkiyə siyasətçiləri üçün sürətli iqtisadi irəliləmə fonunda baş qaldıran inflyasiya ciddi problem təşkil edir.
Mərkəzi Bank 2008-ci ildən bu yana zirvə nöqtəsinə çatan inflyasiyanı sərt monetar siyasətlə cilovlamağa çalışır.
Bankın rəhbəri Erdem Bascı ilin ilk rübündə yüksək olacaq inflyasiya templərinin ikinci rübdə tədricən sovuşacağını proqnoz edib.
Lakin eyni zamanda onun rəhbərlik etdiyi idarə 5.2 faiz səviyyəsində proqnoz edilən inflyasiyanın 6.5 faizə çatacağını bildirib.
“Ərzaq qiymətlərinin artması ilə müşayiət olunan avrozona borc böhranı nəticəsində liranın yenidən ucuzlaşması bu il istehlakçı qiymət indeksinin gözlənildiyindən daha yuxarı olmasına əsas risk təşkil edən amildir”, - deyib Reuters agentliyinə 4CAST şirkətinin təhliçisi Piotr Matys.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, yanvar ayında istehlakçı qiymət indeksi 0.56, istehsalçı qiymətləri indeksi isə 0.38 faiz artıb.
Türkiyə hökuməti iqtisadi artımın yarıbayarı azalacağını proqnoz edir.
Hərçənd ki, Beynəlxalq Valyuta Fondu çətin ki, hər hansı bir artımın gözlənildiyini bildirib.
























