Rusiyalı müxalifətçi Navalnıdan Moskva şəhərini tərk etməmək barədə iltizam alınıb

Aleksey Navalnı
Çap edildi

Rusiya rəsmiləri Vladimir Putinin görkəmli opponentlərindən olan Aleksey Navalnıya qarşı 3 il bundan əvəlki cinayət işini açaraq ona qarşı iri məbləğdə pul vəsaiti israfçılığı ittihamını irəli sürüblər.

Rusiya İstintaq Komitəsi (SKR) Aleksey Navalnıya qarşı "Kirovles" şirkətinin işilə bağlı ittiham irəli sürərək, onu iri məbləğdə pul vəsaitinin yoxa çıxmasında təqsirli sayıb.

İrəli sürülmüş ittihamın əsaslandığı maddədə 10 ilədək həbs cəzası nəzərdə tutulur.

Rusiya İstintaq Komitəsi bildirib ki, Rusiyada davam edən hökümət əleyhinə etiraz hərəkətının təşkilatçılarından olan hüquqşünas Aleksey Navalnı meşə-taxta tədarükü ilə məşqul olan şirkətdən geniş miqyaslı vəsait oğurluğunun təşkil edilməsində ittiham olunur.

İttihamnamədə sözü gedən hadisənin Aleksey Navalnının Kirov vilayəti qubernatorunun ictimai əsaslarda müşaviri işlədiyi dövrə təsadüf edir.

Ona qarşı ittihamları rədd edən Aleksey Navalnıdan Moskva şəhərini tərk etməmək barədə iltizam alınıb.

İyun ayında Rusiyalı bloqer və müxalifətçi Aleksey Navalnı Rusiya İstintaq Komitəsinin (SKR) rəhbəri Aleksandr Bastrıkinə onun elektron poçtunun və Twitter akkauntunun yarılması faktının araşdırılmasını xaiş etmişdi.

SKR-ə rəsmi sürətdə müraciət etməkdən əvvəl müxalifətçi onun elektron resurslarının evində keçirilmiş axtarış zamanı müsadirə edilmiş texnikanın köməyilə dağıdıldığını güman etmişdir.

SKR onun ərizəsini istintaqın gedişini nüfuzdan salmaq cəhdi kimi qiymətləndirib.

İyun ayının sonunda isə Aleksey Navalnının “Aeroflot” şirkətinin direktorlar şurasına seçilməsi xəbəri yayılmışdı.

Xəbərlərdə onun şuraya Rusiyalı biznesmen Aleksey Lebedevin nəzarət etdiyi Milli Rezerv Bank tərəfindən irəli sürüldüyü qeyd olunmuşdu.