Ter-Petrosyan: Sarkisyanla Əliyevin Qarabağ məsələsində manevr imkanları daralır

Ter-Petrosyan: Sarkisyanla Əliyevin Qarabağ məsələsində manevr imkanları daralır
Çap edildi

Ermənistanın sabiq prezidenti, müxalif Erməni Milli Konqresin lideri Levon Ter-Petrosyan hesab edir ki, Ermənistan və Azərbaycan prezidentlərinin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində manevr etmək imkanları tükənməkdədir.

Bunu Ermənistanın ilk prezidenti çərşənbə axşamı Yerevanın Azadlıq meydanında rəhbərlik etdiyi müxalif blokun mitinqində bəyan edib.

Onun sözlərinə görə, buna Meksikanın Los-Kabos şəhərində “Böyük İyirmiliyin” sammiti çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədr ölkələri prezidentlərinin son bəyanatı dəlalət edir.

Levon Ter-Petrosyan ABŞ, Fransa və Rusiya prezidentlərinin son birgə bəyanatı Ermənistan analitikləri və jurnalistləri arasında düzgün anlanılmadığını və növbəti əhəmiyyətsiz sənəd kimi səciyyələndirildiyini bildirib.

Bir halda ki, onun sözlərinə görə, həmsədr ölkə prezidentlərinin əvvəlki üç bəyanatları ilə müqayisədə Obama, Olland və Putinin Los-Kabos bəyanatının “frazeoloji səpkidə xeyli sərtləşdiyini hiss etmək çətin deyil”.

Ter-Petrosyan: Sarkisyanla Əliyevin Qarabağ məsələsində manevr imkanları daralır

- Obama, Olland və Putinin mesajının mənası budur: “Serj Sarkisyan və İlham Əliyev cənabları, bəsdir hövsələmizlə oynadığınız və bizi ələ saldığınız. Ya özünüzə gəlin, ya da biz sizinlə başqa dildə danışmalı olacağıq”, - izah edib L. Ter-Petrosyan. Bu “başqa dilin” mənasını, onun sözlərinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivlərinə dair nüfuzlu, o cümlədən ABŞ Dövlət Departamentinə yaxın analitiklərin mülahizələrindən duymaq olar.

Ter-Petrosyan tanınmış Amerika analitiki, ABŞ müdafiə sistemi və Dövlət katibliyinin sabiq yüksək vəzifəli rəsmisi Wayne Merry'nin məqaləsinə istinad edib. O, məqalədə “Azərbaycan və Ermənistan prezidentlərinin iradə və cürət ifadə etmək istəmədiklərinə yaxud qabil olmadıqlarına görə” 20 il müddətində beynəlxalq vasitəçilərin tərəflər arasında dialoq yaratmaq təşəbbüslərini heçə çıxarıldığı, hər iki ölkə hökumətlərinin Minsk Qrupunun tənzimləmə proqramını, qarşılıqlı güzəştlər ehtiva etdiyinə görə, öz xalqlarına təqdim etmək istəmədikləri qeyd olunduğunu xatırladıb.

Ermənistanın sabiq prezidenti məqalədə məcburiyyətlə olmasa, sazişin stimullaşdırılması əsasında münaqişənin tam tənzimlənməsi üzrə xarici qüvvələrin möhkəm əməkdaşlıq etməsinin zəruriliyi qeyd olunduğunu vurğulayıb (məqalədə Wayne Merry Qarabağ münaqişəsi bölgəsində “güc arbitrajı” keçirilməsinin labüdlüyündən söz açır).

- Situasiya beynəlxalq qüvvələrdən yüksək səviyyəli hərəkətlər, hətta fövqaldövlətlər arasında köhnəlmiş sövdələşmə-razılaşma üsulunun tətbiq edilməsini tələb edir ki, iki kiçik dövlətə regional və beynəlxalq maraqları təhlükə altına qoymağa yol verilməsin. Bu edilməzsə, analitikin fikrincə, nəinki az mümkün olan, əksinə, ehtimalı artmaqda olan alternativ müharibədir, - iqtibas edib amerikalı eksperti L. Ter-Petrosyan.

Sabiq Ermənistan prezidentinin fikrincə, Wayne Merry'nin qabaqcadan dərc edilmiş məqaləsi ABŞ, Fransa və Rusiya prezidentlərinin 18 iyun tarixli birgə bəyanatı ilə səsləşir. Bu isə, Levon Ter-Petrosyanın qənaətincə, “şübhəsiz bir fakta dəlalət edir: Serj Sarkisyanın və İlham Əliyevin manevr sahəsi get-gedə daralır”.