Nissan 800 mindən artıq avtomobili geri çağırmağı planlaşdırır

Yaponiya istehsalçısı bildirib ki, sükanda aşkar olunmuş nasazlıqla bağlı dünya boyu 841 min avtomobilin geri çağırılmasını planlaşdırır.
Şirkətdə sükandakı boltun tam bərkidilmədiyini bildiriblər.
Nissan bu qüsurun sükanın qəfil sıradan çıxması təhlükəsi yaratmadığını deyib.
Avtomobil istehsalçısı problemin boltun bərkidilməsi və ya sükanın tam dəyişdirilməsilə aradan qaldırılacağını qeyd edib.
Bu əməliyyatın 15 dəqiqədən artıq tutmayacağı deyilir.
Azərbaycanda Nissan şirkətindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Geri çağırılma 2002-2006-cı illərdə Yaponiyada istehsal olunmuş Cube modelinə aid olunur.
Britaniyada 2002-2006-cı illərdə istehsal olunmuş 100 mindən artıq Nissan Micra modelinin servisə çağırılacağı bildirilib.
Nissan problemlə bağlı qəzaların qeydə alınmadığını deyib.
Bu ayın əvvəlində Nissan təhlükəsizlik yastıqlarındakı qüsurla bağlı dünya boyu 500 min maşını geri çağırıb.
























