Mehriban Əliyevanın namizədliyi ətrafında suallar:

Demokratik Azərbaycan Dünyası Partiyası adından Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi təşəbbüsü qalmaqalla bərabər çoxlu suallar da yaradıb.
Sabiq partiyadaşların çəkişdiyi bir kiçik partiya adından Birinci Ledinin namizədliyinin irəli sürülüməsi təşəbbüsü bəlkə də başqa vaxt əhəmiyyətli reaksiya doğurmazdı, lakin payızda keçiriləcək prezident seçkiləri öncəsi bu təşəbbüs ölkə mediasında ən çox əks-səda doğuran mövzulardan birinə çevrilib.
Bəzilərinin fikrincə bu, prezidentliyin ərdən arvada ötürülməsi planlarından xəbər verir.
İyunun əvvəlində Mehriban Əliyevanın hakim Yeni Azərbaycan Partiyasının sədr müavini seçilməsi bu ilki prezident seçkilərində onun namizədliyinin irəli sürülməsinin mümkünlüyünə dair iddialara yer verib.
Hakim partiya isə artıq öz seçimini etdiyini və hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürdüyünü bəyan edib.
Seçilərsə, İlham Əliyev üçüncü müddətə prezident olacaq.
Demokratik Azərbaycan Dünyası Partiyası bildirib ki, Birinci Ledinin namizədliyini irəli sürən şəxslərin partiyaya aidiyyatı yoxdur.
Mehriban Əliyeva namizədliyinin irəli sürülməsi ətrafında müzakirələrə hələ ki, reaksiya verməyib.
Təsadüf, yoxsa düşünülmüş strategiya?
Çoxsaylı təhlillərdə bu addım təsadüfi özfəaliyyət, düşünülmüş strategiya və hakimiyyət daxili mübarizənin nəticəsi kimi dəyərləndirilir.
YAP rəsmilərinin məsələ ilə bağlı şərhlərinə rəğmən, "kiçik partiyanın özfəaliyyəti" izahatı heç də hamı üçün inandırıcı görünmür.
Politoloq Zərduşt Əlizadə hesab edir ki, ikinci namizəd versiyası hakimiyyəti "əldə bərk tutmaq" strategiyasından xəbər verir.
“Təbii ki, kiçik bir partiyanın ağzı nədir ki, ozbaşına Mehriban Əliyevanın namizədliyini irəli sürsün. Strategiya üçüncü möhləti yan keçməkdən ibarətdir. Bunun üçün ikinci namizəd söhbəti ortalığa atılıb”, Zərduşt Əlizadə BBC Azərbaycancaya deyib.
"Fikir vermək lazım deyil..."
Hakim Yeni Azərbaycan Partiyasının icra katibi İlham Əliyevin simasında partiyanın namizədliyinin müəyyən edildiyini bildirib.
“Mən bu partiyanı nə tanıyıram, nə də fəaliyyəti bəllidir. Əgər siyasətlə məşğul olan adam partiyasının üzvlərinin kimlərdən ibarət olduğunu bilmirsə, onda onlara fikir vermək lazım deyil. Ortada bəzi adamlar var, özləri nə istədiklərini bilmirlər”, - SalamNews saytında Əli Əhmədovun sözləri iqtibas olunur.
Hakim partiyadan millət vəkili Aydın Mirzəzadə Mehriban Əliyevanın razılığı olmadan onun namizədliyinin irəli sürülməsi təşəbbüsünü “yolverilməz” adlandırıb.
Siyasi nüfuz
İyunun 7-də Mehriban Əliyevanın hakim partiyada müavin vəzifəsində təsdiqlənməsi onun siyasi nüfuzunun genişlənməsinin təzahürüdür, bəzi ekspertlər belə hesab edir. Bu fikrə siyasi şərhçi Zərdüşt Əlizadə şərik çıxır.
“Milləti o fikrə öyrədirlər ki, nə zamansa o olacaq. Bu ictimai rəyi yoxlamaq məqsədilə, ictimai fikri ciddi araşdırmaq üçün edilir”.
Azadlıq qəzetindəki təhlildə deyilir ki, bir namizədin elan olunması vəziyyətdən asılı olaraq ikinci namizədin irəli sürülməsini istisna etmir.
Politoloq Ərəstun Oruclu hesab edir ki, hakimiyyət bu iddiaların gündəmdə qalmasında maraqlıdır.
"Hakimiyyət bunun (seçicilərin) yaddaşına hopmasında maraqlıdır", Oruclu BBC Azərbaycancaya deyib.
Daxili mübarizə
Hakim partiya vahid namizəd ətrafında birləşdiyini nümayiş etdirdiyi bir vaxtda hökumətin tənqidçiləri hakimiyyət daxilində mübarizədən danışırlar.
Azərbaycan mətbuatındakı versiyalardan birinə görə Mehriban Əliyevanın namizədliyinin bu şəkildə irəli sürülməsi onun tərəfdarlarının hakimiyyət daxilindəki qüdrətli rəqib qüvvə ilə üz-üzə gəldiyindən xəbər verir.
Belə bir şəraitdə Mehriban Əliyevanın partiyanın sədr müavini vəzifəsinə təsdiq olunmasınadn sonra bir çox adam onun “potensial namizəd” olacağını düşünə bilər, Yeni Musavat qəzetinə təhlilçi Zəfər Quliyev bildirib.
“Hakimiyyət müəyyən qruplaşmalara mesaj göndərir ki, İlham Əliyev ətrafında səfərbər olmasalar prinsip etibarı ilə başqa namizəd irəli sürülə bilər. Bu Paşayevlər əleyhinə olan şərti olaraq Naxçıvan qruplaşması adlandırılan qüvvələrə ciddi xəbərdarlıq ola bilər”, bunu isə BBC Azərbaycancaya politoloq Ərəstun Oruclu bildirib.
Bütün təqdirlərdə seçkilər yaxınlaşdıqca suallar yaradan açıq və gizli siyasi çəkişmələrin sayı çox güman ki, yalnız artacaq.
























