Eynicinslilərin nikahını qeydiyyatdan keçirmək istəməyən mer məhkəməyə verilib

Jean-Michel Martin və Guy Martineau-Espel
Şəklin alt yazısı, Jean-Michel Martin və Guy Martineau-Espel 16 ildir ki, bərabərdirlər.
Çap edildi

Fransada gey cütlüyü apreldə qəbul olunmuş qanuna rəğmən eyni cinsli şəxslərin nikahını qeydiyyatdan keçirmək istəməyən kənd merinə qarşı məhkəmə iddiası ilə çıxış edib.

Şikəyət ərizəsinə əsasən cənub qərbdəki Arkang kəndinin meri Jean-Michel Colo konkret olaraq diskriminasiya və səlahiyyətlərinin icrasından imtina etməkdə suçlanır.

Jean-Michel Colo isə deyib ki, nikahı qeydiyyatdan keçirməkdənsə özünün asılmasını üstün tutur.

16 il bərabər olan Jean-Michel Martin və Guy Martineau-Espel avqust ayında əlaqələrinin rəsmiləşdirilməsini planlaşdırırdılar, Le Figaro qəzeti yazır.

Cəza

Diskriminasiya ittihamı təsdiq olunarsa, merə 5 il iş və 100 min dollarlıq cərimə kəsilə bilər.

Daxili İşlər Naziri Arkang kəndinin merini mümkün nəticələr barədə məlumatlandırıb.

60 yaşlı mer eynicinsli nikahları tanıyan qanunun təsdiqindən sonra onun icrasından imtina edən ilk Fransa rəsmisi olub.

May ayında prezident tərəfindən müvafiq qanunun imzalanması ilə Fransa Avropanın eynicinsli nikahları tanıyan 9-cu ölkəsi olub.

Eynicinsli nikahlar və belə ailələrdə övladlığa götürmək haqqı dərin qütbləşməyə səbəb olub.

Qanun əleyhdarları etirazlarını son illər ərzində ən izdihamlı nümayişlərdə bildiriblər.