Edward Snowden Braziliyadan sığınacaq istəyib

Edward Snowden Braziliyadan ona sığınacaq təqdim ediləcəyi təqdirdə bu ölkəyə əks-kəşfiyyat məsələlərində kömək edəcəyini vəd edib.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edward Snowden deyib ki, Braziliya siyasətçilərinin iddia edildiyi kimi ABŞ tərəfindən izlənməsini təmin edən casusluq proqramlarının istintaqında köməklik göstərməyə hazırdır.
Bu xidmətinin müqabilində Edward Snowden Braziliyadan ona sığınacaq verilməsini xahiş edib.
Edward Snowden-in Braziliya xalqına ünvanladığı açıq məktub ölkə mətbuatında çərşənbə axşamı dərc olunub.
Ötən gün ABŞ Federal məhkəməsi tərəfindən ABŞ xüsusi xidmət orqanlarının vətəndaşların telefon danışıqlarının kütləvi qaydada dinlənilməsi praktikası qeyri-qanuni və ölkə Konstitusiyasına zidd əməl kimi qiymətləndirilib.
Federal dairə hakimi Richard Leon ABŞ Milli Təhlükəsizlik Agentliyinin hərəkətlərini vətəndaşların şəxsi həyatına "qanunsuz müdaxilə" kimi dəyərləndirib.
Bundan əvvəl ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin rəsmisi Richard Ledgett keçmiş kəşfiyyat əməkdaşı Edward Snowden-in ABŞ tərəfindən əfv olunmasının mümkün ola bilməsini dilə gətirmişdi.
Amerika kəşfiyyatının qaçaq düşmüş keçmiş casusu Edward Snowden-ə bu ilin avqust ayında Rusiya tərəfindən müvəqqəti siyasi sığınacaq verilib.
Bundan əvvəl ABŞ Edward Snowden-in mühakimə olunmaq üçün ekstradisiyasını istəmişdi, lakin Moskva onu təslim etməkdən imtina etmişdi.
























