Britaniya Soçidə mümkün hücumlar barədə xəbərdarlıq edib

Şəklin mənbəyi, Reuters
- Müəllif, Frank Gardner
- Vəzifə, BBC-nin təhlükəsizlik müxbiri
- Çap edildi
Britaniya rəsmiləri Soçidə Qış Olimpiya Oyunları ərəfəsində və gedişində idmançı və tamaşaçıların ekstremistlərin hücumuna məruz qala biləcəyi barədə xəbərdarlıq ediblər.
88 ölkənin iştirak edəcəyi Qış Olimpiadası Soçidə gələn həftə başlayır.
Olimpiada ərəfəsində Soçidə təhlükəsizlik vəziyyətinə həsr olunmuş arayış ilə tanış olmuş BBC müxbirinin sözlərinə görə, Qış Oyunlarına əsas təhlükənin Doku Umarovun Qafqaz Əmirliyi adlı dəstəsindən gələ biləcəyi sənəddə qeyd olunub.
Doku Umarov hələ ötən ilin yayında Soçi Olimpiadasını pozacağını vəd etmişdi.
Dekabr ayında Volqoqrad şəhərində törədilmiş qoşa partlayış nəticəsində 34 nəfər həlak olmuşdu.
"Polad halqa"

Şəklin mənbəyi, AP
Eyni zamanda arayış müəllifləri hesab edir ki, Umarovun rəhbərlik etdiyi dəstənin Olimpiadanın baş tutacağı qısa zaman kəsiyində Soçini hədəfə çevirmək imkanı sual altındadır.
Qış Olimpiadası Soçidə fevralın 7-dən 23-dək davam edəcək.
Britaniya rəsmiləri hesab edir ki, terrorçular üçün Soçidə hücum həyata keçirmək Volqoqraddan xeyli çətin olacaq.
Arayışda qeyd olunur kı, Soçidə əlavə 37 minlik əsgər və polis qüvvəsi yerləşdirməklə Moskva Qış Olimpiya Oyunlarının keçiriləcəyi ərazi ətrafında "polad halqa" yaratmış olub.
Sənəddə Soçi Olimpiya parkında qara geyimli təhlükəsizlik əməkdaşlarının artıq keşik çəkməyə başladıqları da qeyd olunur.
Rusiya rəsmiləri eləcə də intiharçı bombaçı olduğu güman edilən 22 yaşlı Ruzanna İbrahimova haqqında axtarış elan edib, rəsmilər onun artıq Soçiyə gəldiyindən ehtiyat edirlər.
























