Suriya höküməti "minlərlə evi məhv edib"

Çap edildi

Suriya höküməti "qəsdən və qanunsuz olaraq" minlərlə evi məhv edib, Human Rights Watch təşkilatının yeni hesabatında deyilir.

Peyklə çəkilən şəkillərdə 2012 və 2013-cü illərdə müxalifətin idarə etdiyi Dəməşq və Hama şəhərlərində partlayıcı maddələr və buldozerlər vasitəsilə irimiqyaslı dağıntı işlərinin aparılması kimi görünən əməliyyat nəzərə çarpır.

Hesabatda deyilir ki, mülki evlərin səbəbsiz kimi görünən dağıdılması və kütləvi cəzalandırma, müharibə cinayətləridir.

Hesabatın buraxılması, hökümət və müxalifətin Cenevrədə apardıqları sülh danışıqları ilə bir vaxta düşür.

Çərşənbə günü BMT-nin diplomatik nümayəndəsi Lakhdar Brahimi etiraf edib ki, hazırkı danışıqlarda əhəmiyyətli irəliləyişlər gözləmir.

Amma cənab Brahimi deyib ki, müxalifətlə hökümətin fikir ayrılığı "kifayət qədər böyük" olsa da, iki tərəf arasında buz əriməyə başlayıb.

Danışıqların cümə günü bitməsi gözlənilir.

Human Rights Watch təşkilatının bəyanatında 2012 və 2013-cü illərin iyul ayları arasında baş verdiyi deyilən yeddi irimiqyaslı dağıntı qeyd edilir.

Peyklə çəkilən şəkillər, onlayn videolar və şahidlərin ifadələrinə görə HRW nəticəyə gəlir ki, bu işlər hakimiyyət tərəfindən həyata keçirilib.

Peyk şəkillərində Dəməşq və Hama şəhərlərindəki yeddi ərazinin dağıdılmalardan əvvəl və sonrakı vəziyyəti göstərilir.

"Qanunsuz binalar"

HRW deyib ki, ən azı 145 hektar torpağın məhv edilməsini sənədləşdirib. Bu, təxminən 200 futbol meydançasına bərabərdir.

Dağıdılmalar nəticəsində minlərlə ailə evsiz qalıb, təşkilat əlavə edib.

Hökümət rəsmiləri HRW-a deyiblər ki, binaların uçurulması qanunsuz şəkildə tikilən binaları dağıtmaq üçün həyata keçirilib.

Amma təşkilatın araşdırmasına əsasən, höküməti dəstəkləyən ərazilərdə evlər bu şəkildə uçurulmayıb.