Misirdə aralıq hökümət istefa verib

Çap edildi

Misirin müvəqqəti Baş naziri Hazem Beblavi gözlənilmədən hakimiyyətinin istefasını bəyan edib.

Televiziyada yayımlanan müraciətində o, səbəb göstərməyib, amma bu açıqlamadan əvvəl ölkədə bir sıra, o cümlədən dövlət sektoru işçiləri tərəfindən tətillər keçirilib.

Al-Ahram dövlət qəzeti deyib ki, yeni Baş nazir təyin edilənədək cənab Beblavidən vəzifədə qalmaq xahiş olunub.

O, müxalifət etirazları nəticəsində ordu Prezident Mohammed Morsini devirəndən sonra, iyulda təyin olunub.

"Çətin məsuliyyət"

Qısa müraciətində cənab Beblavi Misirdə tətillərin kəskin surətdə çoxaldığını etiraf edib, amma deyib ki, dünyada heç bir hökümət bu qədər qısa müddətdə xalqın tələblərini yerinə yetirə bilməzdi.

"Son altı və ya yeddi ay ərzində kabinet çox çətin məsuliyyət daşıyıb... əksər hallarda nəticələr yaxşı olub", o deyib.

O əlavə edib ki, məqsəd, Misiri təhlükəsizlik, siyasət və iqtisadiyyat çətinliklərinə görə əmələ gələn "dar tuneldən" çıxarmaq idi.

Yerli media cənab Beblavini ölkənin iqtisadi problemlərini həll edə bilmədiyinə və dərk edilən qətiyyətsizliyinə görə tənqid edib.

Məxfi mənbələrə istinad edən al-Ahram qəzeti məlumat verir ki, cənab Beblavinin yerinə məskunlaşdırma naziri İbrahim Mihlib gələcək.

Eyni zamanda yanvarda qəbul olunan yeni konstitusiyaya görə aprelin ortasına qədər yeni prezident seçkiləri keçirilməlidir.

Müxbirlər deyirlər ki, ciddi rəqibləri olmadığına görə Silahlı Qüvvələr başçısı, müdafiə naziri Feldmarşal Sisinin bu seçkilərdə iştirak etməsi və qalib gəlməsi gözlənilir.