Oskar: “12 il köləlik” ən yaxşı film seçildi

Şəklin mənbəyi, AP
Britaniyalı rejissor Steve McQueen-in “12 il köləlik” draması ilin ən yaxşı filmi kimi Oskar mükafatını alıb. O deyib ki, bu qələbəni bütün “köləlik məşəqqətindən keçən”lərə ithaf edir.
Los Ancelesdə keçən mərasimdə Alfonso Cuaron “Qravitasiya” filminə görə ən yaxşı rejissor adına layiq bilinib. Nəticədə bu film müxtəlif nominasiyalarda ən çox – yeddi Oskar heykəlciyi qazanıb.
Mükafatların çoxunu film texniki nailiyyətlərə görə alıb.
“Dallas alıcılar klubu” filmində AİDS-li xəstə rolunu oynayan Matthew McConaughey ən yaxşı kişi rolu nominasiyasında öz ilk Oskarını qazanıb.
Woody Allen-in “Yasəmən” filmindəki roluna görə Cate Blanchett "İlin ən yaxşı aktrisası" adına layiq bilinib.
Ən yaxşı ikinci əsas rol nominasiyasında mükafatı “Dallas alıcılar klubu” filmində transseksual rolunda çəkilən Jared Leto alıb.
Lupita Nyong'o “12 il köləlik” filmində ikinci əsas qadın rolunu ən yaxşı ifa edən aktrisa kimi Oskar mükafatına malik olub.
Spike Jonze Amerika Kino Akademiyasının Oskar mükafatına “O [qadın]” filminə yazdığı ssenarinın ən orijinal ssenarisi tanındığı üçün layiq görülüb.
Ən yaxşı adaptasiya edilmiş ssenari üçün mükafatı John Ridley alıb: Solomon Northhup-ın “12 il köləlik” tərcümeyi-halının ekranlaşdırılmasına görə.

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Getty
“Soyuq ürək” cizgi filmində səslənən “Let it go” kompozisiyası ən yaxşı mahnı tanınıb.
Amerika Kino Akademiyasının 86-cı Oskar milli kino mükafatının təqdim edilməsi mərasimi Los Ancelesdə, Dolby Theatre –də keçirilib.
Bu il mərasimin aparıcısı məşhur Amerika televiziya aparıcısı və komediya aktrisası Ellen Degeneres olub.

Şəklin mənbəyi, Reuters
























