Ukrayna: prezident seçkilərindən əvvəl "sükut günü"

Çap edildi

Seçkilər barədə qanuna uyğun olaraq cümə günü gecəyarısından sonra Ukrayna boyu təbliğat dayandırılmalı və seçkiqabağı “sükut günü” təmin edilməlidir.

Ukrayna prezidenti vəzifəsi uğrunda rəqabətaparacaq 21 namizəd qeydə alınıb.

Bazar günü keçəcək seçkilərə hazırlığı ölkənin şərqindəki vəziyyət çətinləşdirib.

Müstəqilliyini elan etmiş Ukraynanın iki regionunda – Donetsk və Luhanskda separatçı rəhbərlik seçkilərin keçirilməsinə yol verməyəcəyini elan edib.

Seçkilər Rusiya tərəfindən ilhaq olunmuş Krımda da keçirilməyəcək.

Təhlükəsizlik qüvvələri şərqdəki bölgələr üzərində nəzarəti bərpa etmək üçün həyata keçirilən əməliyyatın dayandırılacağını bildiriblər.

“Vəzifəmiz bütün ukraynalıların səs verməsi üçün dinc, təhlükəsiz və şəffaf durum yaratmaqdır”, - Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko deyib.

Cümə günü Rusiya prezidenti Ukraynadakı səsvermənin nəticələrinə hörmətlə yanaşacağını deyib. Hərçənd ki, Vladimir Putin devrilmiş prezident Viktor Yanukoviçin legitimlik baxımından prezident qaldığını bildirib.

"Biz Ukrayna xalqının seçiminə hörmətlə yanaşacağıq. Təbii ki, nəyin baş verəcəyini izləyəcəyik", - prezident Putin deyib.

Bu bəyanatdan əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk Donetsk vilayətində ən azı 16 Ukrayna əsgərinin ölümü ilə nəticələnmiş blokposta hücumdan sonra ölkədə vəziyyətin pisləşməsində Rusiyanı ittiham edib.