Avropa Parlamentinə seçkilərdə avroskeptiklər qələbə çalıb

Şəklin mənbəyi, Reuters
Ötən həftəsonu Avropa parlamentinə keçirilmiş seçkilərin nəticələri Avropa İttifaqı əlehydarları (avroskeptiklər) üçün olduqca uğurlu olub.
Britanitya seçkisində qələbəni ölkənin Aİ-dən çıxmasına çalışan populist sağçı UKİP partiyası qazanıb.
İlkin məlumatlara əsasən, UKİP səslərin 27,5%-i toplayıb və Avroparlamentdə 23 yerə malik olacaq.
Leyboristlər cüzi də olsa konservatorları üstələyərək 25% yığıblar. Hər iki partiyanın Avroparlamentdə 18 yeri olacaq.
UKIP-in tarixi qələbəsi
Beləliklə son 100 ildə ilk dəfə olaraq Britaniyada keçirilmiş ümumi seçkilərdə aparıcı iki partiya - konservatorlar və leyboristlər - qələbə çala bilməyiblər.
Eləcə də Britaniya tarixində ilk dəfədir ki, parlamentdə təmsil olunmayan partiya seçkilərdə qalib gələ bilib.
UKİP lideri Nigel Farage başçılıq etdiyi partiyasının uğurunu “son 100 il ərzində Britaniya siyasəti tarixində göstərilmiş ən görkəmli nəticə” adlandırıb.
"Avrointeqrasiya ehtiyacına bugün son qoyulur", UKİP lideri deyib.
Avroskeptiklərin uğuru
Avroparlamentdə avrointeqrasiya tərəfdarlarının bu dəfədə də çoxluqda olacağına baxmayaraq, son Avropa seçkiləri avroskeptiklərin zəfərilə yadda qalacaq.
Avropa İttifaqının zəiflədilməsinin və millətçi partiyaların səlahiyyətlərinin gücləndirilməsi tərəfdarları, gözlənildiyinə görə, Aİ-nin 28 ölkəsinin hamsında seçkidə yüksək nəticə göstərəcək.
Fransada prezident François Hollande rəhbərlik etdiyi Sosialist partiyası səslərin yalnız 14%-i ala bildiyi halda, Milli Cəbhə sarsıdıcı qələbə qazanaraq 26% səs toplayıb.
"İnsanlar daha xaricdən Avropa komissarları tərəfindən idarə olunmaqlarını istəmirlər, buna qarşıdırlar”, - Milli Cəbhənin lideri Marin Le Pen səsvermənin nəticəsi bəlli olduqdan sonra deyib.
Danimarkada seçkidə Xalq Partiyasını təmsil edən sağçı populistlər qələbə çalıb. Onlar Aİ vətəndaşlarının Danimarkada yaşama hüququnun məhdudlaşdırılmasını təklif ediblər. Bu proqramı seçicilərin 26,6%-i dəstəkləyib.
Seçkilərin belə nəticəsi Avroparlamentdə Aİ qurumlarının səlahiyyətini məhdudlaşdırmağı tələb edənlərin təsir imkanlarını xeyli artıracaq.
Müşahidəçilər Avropa əleyhinə qüvvələrin uğurunu Avropa İttifaqının üzləşdiyi iqtisadi problemlərlə izah edirlər: Avroparlamentə seçkilər Avropada iqtisadi böhran və ciddi maliyyə problemləri fonunda keçib.
























