Putin Poroşenko ilə Normandiyada görüşdü

Putin and Poroshenko
Şəklin alt yazısı, Rusiya və Ukrayna prezidentləri arasında ayaqüstü söhbət bir dəqiqə davam edib.
Çap edildi

Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Petro Poroşenko Fransaya desant çıxarılmasının 70-ci ildönümünə həsr olunmuş tədbirlərin əsnasında Normandiyada görüşüblər.

Görüş zamanı söhbətdə Almaniya kansleri Angela Merkel də iştirak edib.

Bu görüş Fransa prezidenti Francois Hollande-ın desant günü münasibətilə verdiyi səhər yeməyindən əvvəl baş tutub.

Görüşün şahidi olmuş jurnalistlər deyirlər ki, söhbət bir dəqiqə müddətində olub.

Reuters agentliyi xəbər verir ki, söhbət zamanı böhranın aradan qaldırılması və Petro Poroşenkonun Rusiya tərəfindən Ukraynanın qanuni prezidenti kimi tanınması mümkünlüyü məsələlərinə toxunulub.

Agentlik Fransa prezidentinin nümayəndəsinə istinadən bildirib ki, Ukraynada atəşin dayandırlmasına dair təfərrüatlı danışıqlar daha sonra keçiriləcək.

Putin və Poroşenko arasında danışıqlara başlanması Vaşinqton və London tərəfindən Moskva qarşısında qoyulmuş əsas tələblərdən biridir.

ABŞ və Britaniya əks halda Rusiya üzərinə yeni sanksiyaların qoyulacağını bildirmişdilər.

Normandy leaders and veterans
Şəklin alt yazısı, Dünya liderləri Normandiyada keçirilən desant gününü veteranlarla birlikdə qeyd ediblər.

Bu həftənin əvvəlində Vladimir Putin Fransa telekanallarından birinə müsahibəsində demişdi ki, o, Ukraynada prezident seçilmiş Petro Poroşenko ilə Normandiyada keçirilən tədbir əsnasında görüşməyə hazırdır.

Rusiya prezidentindən fərqli olaraq, əksər keçmiş sovet respublikalarının liderləri, o cümlədən Avrasiya İttifaqına daxil Belorus və Qazaxıstanın liderləri Aleksandr Lukaşenko və Nursultan Nazarbayev Poroşenkonu prezident kimi tanıyıblar.

Dünya liderləri və veteranlar bir araya gəldilər

Dünya liderləri İkinci Dünya Müharibəsində Fransaya desant çıxarılmasının 70-ci ildönümünü qeyd etmək üçün Normandiyaya toplaşan veteranlara qoşulublar.

Dövlər başçıları 1944-cü il, iyunun 6-da müttəfiqlərin desant çıxardığı 5 sahildən biri olan Ustrehamda görüşürlər.

Təntənəli mərasimdə Fransa prezidenti Francois Hollande, ABŞ lideri Barack Obama, Rusiya prezidenti Vladimir Putin və Britaniya kraliçası çıxış edirlər.

Mərasim zamanı müttəfiqlərin faşistlər tərəfindən istila olunmuş Avropaya desant çıxarmaları səhnələşdirilmiş qaydada nümayiş etdiriləcək.

Müttəfiqlərin Fransaya desant çıxarmaları müharibənin sonrakı gedişini həll etmiş hadisələrdəndir.

Aromanşdakı Qızıl sahilə gələn Kral Dəniz piyadalarını tuluqçunun musiqi sədaları salamlayıb.

Hərbi “aktyorlar” Viervildəki Omaha sahillərində desant əsgərlərinin xatirəsini yad ediblər.

90 yaşlı Morley Piper cümə səhəri döyüş yoldaşları ilə Omaha sahilinə gəlib.

Şahzadə Charles və Kornvol baronessası Britaniya Kral Legionunun Baye Məbədində keçən ibadətinə gəliblər.

Desant gününün yadetmə mərasimi gecəyarı Ustreham yaxınlığındakı Peqas körpüsündə başlanıb.

Məhz burada 70 il əvvəl Britaniya əsgərləri müttəfiqlərin ilk hücumuna başlamışdılar.