Braziliya polisi San Pauloda etiraz aksiyasını dağıdıb

Şəklin mənbəyi, Reuters
Brazılıya polisləri San Pauloda nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. BBC müxbiri Katy Watson-un hadisə yerindən xəbər verdiyinə görə, etiraz aksiyasında 300-ə yaxın adam iştirak edib.
Aksiya əmək haqqının 12,2 faiz artırılmasını tələb edən şəhər metropoliten işçiləri təşkil edib.
Futbol üzrə Dünya Çempionatının ilk matçı cümə axşamı San Paolonun əsas stadionunda keçiriləcək.
Braziliyanın prezidenti Dilma Rousseff etiraz aksiyalarının turnirin əhval-ruhiyyəsini pozmasına yol verməyəcəyini bəyan edib.
San Paolo metrosunun işçiləri ötən həftənin cümə axşamından tətil keçirirlər. Bu səbəbdən ən böyük Latın Amerika şəhərinin küçələrində nəqliyyat kollapsı baş yaranıb.
Bazar günü həmkarlar ittifaqları tətil müddətinin qeyri-müəyyən vaxt uzadılmasına səs veriblər. Bu qərar, əmək mübahisələri üzrə məhkəmə tərəfindən tətilçilərin öz haqlarından sui-istifadə etdiyi qeyd olunduğuna və onların işə qayıtmasını tələb edən qərarına baxmayaraq qəbul olunub.
Şəhər hakimiyyəti tətili davam etdirən bütün metro əməkdaşlarını işdən azad etməklə hədələyib.
Etiraz aksiyası cümə axşamınadək davam etsə, 2014-cü il Dünya Çempionatının Braziliya və Xorvatiya arasında açılış oyununun keçirilməsinə təsir edə bilər.
Arena Corinthians stadionu şəhərin kənarında yerləşir və ictimai nəqliyyatın olmaması minlərlə futbol fanatlarının ora çatmasına problem yaradar.
Metrosuz şəhər
Etirazçılar əmək haqqının 12 faiz artırılmasını tələb edirlər, lakin onların işverəni – dövlət şirkəti – 8,7 faiz artırmağa razıdır.
Bununla belə, San Paolo məhkəməsi şirkətin hərəkətlərini insaflı adlandırıb və qərara gəlib ki, metropoliten əməkdaşları minimal xidmətlər səviyyəsini təmin etməyib, etiraz aksiyalarının keçirilməsi şərtlərini pozublar.

Şəklin mənbəyi, AFP
Məhkəmənin qərarına əsasən, gün ərzində qatarların heç olmasa 70 faizi işləməli idi, səhər və axşam saatlarında nəqliyyat işinin ən qızğın vaxtı isə metro 100 faiz işləməli idi.
Nəticədə, məhkəmə metro işçilərinin həmkarlar ittifaqının üzərinə öhdəlik qoyub: tətilin ilk dörd günü ərzində hər gün 100 min real (45 min dollar) ödəmək, bazar ertəsindən sonra isə, hər tətil günü müqabilində - 500 min real.
Buna baxmayaraq, həmkarlar ittifaqı tələbləri yerinə yetirilənə kimi tətili davam etdirmək qərarına gəliblər.
“Bizim məqsədimiz etirazları çempionat başlananadək davam etdirmək deyil, bizim məqsədimiz problemi həll etməkdir, lakin hökumətin vəzifəsi də bundan ibarət olmalıdır”, - metro işçiləri həmkarlar ittifaqının rəhbəri Altino Prazeres “O Globo”ya müsahibəsində deyib.
200 km uzanan tıxaclar

Şəklin mənbəyi, Getty
20 milyona yaxın əhalinin yaşadığı San Paolo çoxdan ciddi nəqliyyat problemləri ilə üzləşir, lakin keçən həftəsonu şəhərdə baş verən nəqliyyat kollapsı bütün rekordları üstələyib.
Günün ən qızğın vaxtlarında şəhərin küçələrində 200 kilometrdən uzun nəqliyyat tıxacları əmələ gəlirdi.
Dünya çempionatına hazırlıq və keçirilməsi əsnasında bütün ölkədə etiraz aksiyaları dalğası qalxmışdı, həmçinin idman obyektlərinin təhvil verilməsinin ləngiməsi qalmaqala səbəb olurdu.
Çempionat zamanı asayışı təmin etmək üçün əlavə bir neçə min polis cəlb ediləcəyi nəzərdə tutulur.
























