Britaniya mətbuatı: Rusiya NATO-ya 21-ci əsrin müharibəsini nümayiş etdirdi

“Financial Times” qəzeti özünün beynəlxalq bölümündəki böyük məqaləyə “Moskva bacarıqla NATO-ya üstün gəldi” başlığını verib. Məqalə bir neçə NATO təhlilçisi ilə müsahibələr üzərində qurulub. Bu şərhçilər Rusiyanın Krımda və şərqi Ukraynadakı taktikasını yüksək qiymətləndirirlər.
Hərbi ekspertlər bildiriblər ki, Soyuq Müharibə zəmanəsinin strategiyası bir tərəfə qoyulsa, Rusiya daim rəqibini qabaqlayaraq, onu dezinformasiya ilə çaşdıraraq, lazım olan vaxtlarda peydə olan və yoxa çıxan yığcam hərbi birləşmələrdən istifadə edərək “21-ci əsrin müharibəsini” göstərib.
Qəzetin müxbirinə həmçinin bir neçə fotoşəkil göstəriblər. Bu şəkillərdə Donetskdəki yaraqlıllar qrupunun arasında mülki geyimli şəxslər də görünür. Ekspertlərin fikrincə, əsl komandirlər bu adamlardır və onlar çox güman Rusiya hərbi kəşfiyyatının və ya Federal Təhqiqatlar Xidmətinin əməkdaşlarıdırlar.
Məqalə müəllifi həmçinin yazır ki, Ukraynaya qarşı kibermüharibə aparılıb. NATO-nun kəşfiyyat orqanlarında hesab edirlər ki, Rusiya mənşəli olduğu şübhə doğurmayan “snake” virusu Ukraynananın kompüter sistemlərinə müdaxilə edərək onları şəffaflaşdırıb.
NATO rəhbərliyində bu qənaətdədirlər ki, müharibənin bu yeni tipinə qarşı Qərb alyansı hələlik gücsüzdür.
Clinton Putinin tənqidi ilə qayıdır
“Times” qəzeti yazır ki, Hillary Clinton özünün qarşıdan gələn prezident seçkilərində namizədliyinin irəli sürülməsi istiqamətində ilk addımını “Çətin seçim” adlı kitabının nəşri ilə atıb. Bu kitabın ən maraqlı bölümləri Clintonun prezident Putinlə münasibətləri barədədir.

Şəklin mənbəyi, AFP
Clinton bildirir ki, Putin özündən bədgüman, kinli və avtoritarlığa meylli şəxsdir. Clinton kitabında yazır ki, vəzifəsini tərk edərkən qoyub getdiyi memorandumda prezident Obamaya Rusiya ilə münasibətlərdə daha sərt mövqe tutmağı tövsiyə edib. Qəzet yazır ki, doğrudan elə belə olub və indi Clinton özünü uzaqgörən siyasətçi kimi təqdim etmək imkanı qazanıb.
Qəzet yazır ki, Putin də Clintonun tənqidlərini cavabsız buraxmayıb. Ötən həftə fransız jurnalistə müsahibəsində Rusiya prezidenti deyib: “Qadınlarla mübahisə etməmək daha yaxşıdır, lakin xanım Clinton öz ifadələrində heç vaxt incəlik prinsiplərinə əməl etməyib”.
Dollardan qaçış
“Financial Times” qəzeti yazır ki, Rusiya özünü mümkün Qərb sanksiyalarından qorumaq məqsədilə ticarət hesablaşmalarında yuana və başqa Asiya valyutalarına keçmək qərarına gəlib.
Moskvadan verilən reportajda qəzet iki bankirin – Deutsche Bankın Moskva filialının rəhbəri Pavel Tepluxinə və RTB-nin başçısı Andrey Kostinə istinadən yazır ki, Kreml son bir neçə həftədə qeyri-dollar hesablaşmalarının tətbiqinə komanda verib.

Şəklin mənbəyi, Reuters
Bankirlər bildiriblər ki, Amerika və Avropa bankları Ukrayna böhranı başlanandan bəri Rusiyaya kredit buraxılışını xeyli dərəcədə məhdudlaşdırıblar və Rusiya şirkətləri Qərb maliyyə institutlarından asılılığı azaltmağa çalışırlar.
Qəzet həmçinin yazır ki, Moskva Qərbin nəzarətində olan Visa və MasterCard kimi hesablaşma sistemlərindən asılı olmamaq üçün özünün milli ödəniş sistemi üzərində işə başlayıb.
Turing sınağı keçildi
Londonda Kral Cəmiyyətində bu yaxınlarda Rusiya proqramçıları tərəfindən hazırlanmış Eugine Goostman adlı proqramın sınağı zamanı Britaniya hakimlərinin 33 faizi 13 yaşlı yeniyetmə ilə ünsiyyətdə olduqlarını düşünüblər.
“The İndependent” yazır ki, beləliklə də superkompüter ilk dəfə olaraq Turing sınağından keçə bilib.
Bəlli olduğu kimi Britaniya riyaziyyatçısı Alan Turing bu anlayışı süni intelektin təyini üçün dövriyyəyə buraxıb.
Testin özünə gəldikdə isə, bu, müəyyən müddət kəsimində sərbəst mövzuda ünsiyyət üzərində qurulub.
Bu sınaq ingilis alimi və kriptoqrafı Alan Turing tərəfindən kəşf edilib.
Bu testdən İkinci Dünya Müharibəsi zamanı almanların məxfi şifrələmə cihazı “Enigma”nın kodlarının “sındırılması” üçün istifadə edilib.
Alimlər bildirirlər ki, əgər kompüterlə ünsiyyətdə olanların 30 faizi canlı şəxslə ünsiyyətdə olduğunu güman edirsə, bu artıq süni intelektin mövcudluğuna sübutdur.
























