Taliban Kəraçı hava limanına basqın üçün məsuliyyəti üzərinə götürdü

Şəklin mənbəyi, Reuters
Taliban hərəkatı ötən bazar ölkənin ən böyük şəhəri olan Kəraçidə hava limanına basqının məsuliyyətini öz üzərinə götürüb. Bu basqın nəticəsində 27 nəfər həlak olub. Hərbçilər bildirirlər ki, aeroportu silahlılardan təmizləyə biliblər.
Reuters agentliyi xəbər verir ki, Taliban nümayəndəsi Şahidullah Şədid hərəkatın bəyanatını oxuyarkən deyib: “Bu, bizim hələ də sağ olduğumuzun və kəndlərimizin bombardmanı nəticəsində günahsız insanların ölümlərinə cavab vermək iqtidarında olduğumuzun təsdiqidir”.
Pakistan hərbiyyəsi xəbər verir ki, aeroprta basqın etmiş silahlılarla qarşıdurma 12 saat çəkib. Son məlumatlara görə 10 yaraqlı da daxil olmaqla 27 nəfər həlak olub.
Bu da bəlli olub ki, hava limanına hücum zamanı üç partlayış baş verib. Həlak olmuş yaraqlıların üstündən raket qurğuları və bir neçə avrtomat tapılıb.
Pakistanın Sind əyalətinin əsas naziri Qaim Əli Şah deyib ki, hücum edənlər basqına yaxşı hazırlaşıbmışlar və basqın yaxşı planlaşdırılıb. Bununla belə, basqın edənlər planlaşdılrdıqları kimi bir neçə təyyarəni partlada bilməyiblər.
Hücumun məqsədi anqarın və yük daşımaları, həmçinin VİP salonu kimi istifadə edilən köhnə terminalın ələ keçirilməsi olub. Hücum edənlər aeroportun mühafizə xidməti əməkdaşlarının üstünə qumbaralar atmış və atəş açmışlar.
Xəbər verilir ki, ölənlərin əksəriyyəti də mühafizə xidmətinin əməkdaşlarıdır.
Təhlükəsizlik xidmətlərinin əməkdaşları və hərbçilər hava limanını mühasirəyə almış və yolları bağlamışlar. Kəraçi hava limanına gələn reyslər başqa şəhərlərə yönəldilib.
Yanan təyyarə
Pakistan mediasının yaydığı xəbərlərdə deyilir ki, yaraqlılar aeroporta hava limanı əməkdaşlarının istifadə etdiyi və eniş-uçuş zolağına çıxışı olan qapıdan hücum ediblər.
Terminalın üzərindən qara tüstü qalxdığı xəbər verilir.
Hava limanı təhlükəsizlik xidmətinin rəisi bildirib ki, mühafizə xidmətinin əməkdaşları ilə basqınçılar arasında bir müddət atışma baş verib.
Belə bir məlumat da daxil olub ki, guya hücum edənlər bir təyyarəni ələ keçirə biliblər.
Bundan əlavə yaxınlıqdakı mehmanxanada yaşayanlardan bəziləri bir təyyarənin yandığını görüblər.
Pakistanın baş naziri Nəvaz Şərif bir qədər əvvəl BBC-yə müsahibəsində bildirmişdi ki, Talibanla danışıqlara ümid bəsləyir.
Lakin bu danışıqlar ötən fevral ayından bəri dalana düşüb və ölkədə polis və təhlükəsizlik xidmətləri üzərinə hücumlar tez-tez baş verir.
Kəraçi şəhəri islamçılar tərəfindən xüsusilə tez-tez hədəflənir. 2011-ci ildə yaraqlılar Mehran hərbi-dəniz bazasına hücum etmiş, 10 hıərbi qulluqçunu öldürmüş və 17 saatlıq qarşıdurma əsnasılnda iki təyyarəni məhv etmişdilər.
























