Kiyev: Ukraynanın şərqində atəşkəs 52 dəfə pozulub

Şəklin mənbəyi, AFP
Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, ötən həftə ölkənin şərqində elan edilmiş atəşkəs rejimi separatçılar tərəfindən 52 dəfə pozulub.
Bu barədə Ukrayna prezidenti çərşənbə axşamı Rusiya, Almaniya və Fransa ölkə başçıları ilə telefon söhbəti zamanı danışıb.
Söhbət əsnasında dörd ölkə rəhbərləri Ukraynanın şərq bölgələrində atəşkəs rejiminə əməl edilməsinə nəzarət və Ukrayna-Rusiya sərhədində təhlükəsizliyin yoxlanılması mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyini bəyan ediblər.
Ölkə liderləri həmçinin Rusiya, Ukrayna və ATƏT nümayəndələrinin Üçtərəfli Təmas Qrupu çərçivəsində danışıqların davam etdirilməsinin zəruriliyi ideyasını dəstəkləyiblər.
Bundan əvvəl Rusiya parlamentinin üst palatası Ukraynaya qoşun yeritmək icazəsini geri çağırıb.
Prezident Vladimir Putin Rusiya ordusunun Ukraynada istifadəsi haqda qərarın dəyişdirilməsini bölgədəki vəziyyətin üçtərəfli müzakirəyə çıxarılması ilə əsaslandırıb.




















