İraq: hökümət qoşunları Tikrit şəhərindən geri çəkilib

İraq ordusu
Şəklin alt yazısı, İraq ordusu Mosul istiqamətində hücuma keçməyə hazırlaşır.
Çap edildi

İraq hökümət qoşunları Tikrit şəhərindən cənubda 25 km uzaqlıqda yerləşən Dijla şərinə doğru çəkilib.

Məlumatlara görə, hazırda İraq hərbiçiləri yenidən Tikrit şəhəri üzərində nəzarəti bərpa etməyə çalışırlar.

Şahidlər ərazidə sünni üsyançılarla İraq ordusu arasında şiddətli döyüşlərin getdiyini xəbər verirlər.

Məlumatlara əsasən, İraq ordusu tank, zirehli maşınlardan və hərbi aviasiyadan istifadə edir.

Bu arada İraq hökümətinin Rusiyadan satın aldığı qırıcı təyyarələrdən ilk bir neçəsi bugün ölkəyə çatdırılıb.

İraqa Rusiayadan gətirilmiş Su-25 qırıcı təyyarələri xəbər verildiyi kimi istifadə olunmuş nümunələrdi.

İraq ordu rəsmisinin sözlə\rinə görə, həmin təyyarələrdən artıq bir neçə gündən sonra sünni üsyançılara qarşı aparılan əməliyyatlarda istifadə olunacaq.

Bəzi məlumatlara görə, üsyyançılar Tikrit şəhərində mərkəzi əraziyə aparan yolu minalayıblar, nəticədə hökümət qüvvələrinin irəliləyişi bir qədər səngiyib.

Tikrit uğrunda döyüşlər

Bundan əvvəl Bağdadda rəsmiləri Səddam Hüseynin doğma şəhəri sayılan Tikrit şəhəri üzərində nəzarətin bərpa edilməsi xəbərini yaymışdılar.

İraq hökümətinin yaydığı məlumata əsasən ölkə silahlı qüvvələri 2 həftə bundan əvvəl sünni üsyançılar tərəfindən ələ keçirilmiş Tikrit şəhəri üzərində nəzarəti bərpa edə biliblər.

İraq dövlət mediasının məlumatına əsasən hökümət qüvvələrinin hücum əməliyyatı zamanı 60-dək "İraq və Şamın İslam Dövləti" (İŞİD) qruplaşmasının döyüşçüləri öldürülüb.

Üsyançıların nümayəndəsi hökümət qüvvələrinin hücuma başladığını təsdiqləsədə, hücumun dəf edildiyini iddia edib.

Onun sözlərinə görə hücuma keçmiş qüvvələri üsyançılar təqib etməkdədir.

Müşahidəçilərin fikrincə, Tikrit şəhəri üzərində hökümət qüvvələrinin nəzarəti bərpa etməsi xəbəri təsdiq olunarsa, bu nəticə, son ay ərzində İŞİD dəstələri İraqın şimalında geniş əraziləri ələ keçirdikdən sonra İraq höküməti qüvvələrinin üsyançılarla mübarizədə ən irimiqyaslı qələbəsi sayıla bilər.

Bu arada İraq höküməti ordu qüvvələrinin Mosul şəhəri istiqamətində hücum əməliyyatının başlanmasına hazırlaşdığını xəbər verib.

Mosul əhəmiyyəti və miqyasına görə İraqın Bağdaddan sonra ikinci şəhəri sayılır.