Keçmiş Argentina prezidentinin qeyri-müəyyənlikdə olan heykəli

Juan Domingo Peron-un ölümündən 40 il keçsə də, Argentinanın üç müddət prezidenti olmuş bu şəxs hələ də fikir ayrılığı yaradır.
Tərəfdarları ölkədə aclığı aradan qaldırdığına görə onu tərənnüm etsələr də, tənqidçiləri onu “populist demaqoq” kimi qələmə verirlər. BBC Mundonun müxbiri Natalio Cosoy xəbər verir ki, Peronun qurduğu partiya hakimiyyətdə olsa da, onun şərəfinə heykəlin ucaldılması planları hər dəfə təxirə salınır.
“Peronizm emosiyalara əsaslanır,” keçmiş rəhbərin adını daşıyan hərəkat haqqında danışan Lorenzo Pepe deyir.
Lorenzo Pepe Juan Domingo Peron Milli İnstitutunun baş katibidir və 1985-ci ildə keçmiş Argentina rəhbərinə heykəlin ucaldılması təklifi ilə çıxış edən şəxslərdən biridir.
O deyir ki, “Peronizm gözlə görülməli və mümkünsə toxunulmalıdır.”
Cənab Peron 1946-1955–ci illər arasında davamlı olaraq iki müddət prezident olub və 1973-cü ildən növbəti il ölümünə qədər bir də ölkəni idarə edib.
Bununla bağlı planlar yeni deyil. Argentina Konqresi 1986-cı ildə təklif irəli sürüb ki, Peron abidəsi argentinalı heykəltaraş tərəfindən hazırlansın və onun xərcləri Argentina ictimaiyyəti tərəfindən verilən ianələr hesabına ödənilsin. Hekyəlin paytaxt Buenos Aires şəhərində ucaldılması nəzərdə tutulub.
Bu ümidverici başlanğıcdan sonra, bu istiqamətdə sanki bir eniş baş verib.
Heykəlin ucaldılacağı yerin müəyyən edilməsi düz 2005-ci ilə qədər davam edib. Abidənin prezident sarayının kənarında yerləşən helikopter eniş zolağına yaxın ucaldılması qərara alınıb.
Daha iki il isə abidəni hazırlayacaq heykəltaraşın müəyyən edilməsi üçün müsabiqəyə sərf edilib.
Müsabiqənin qalibi Enrique Savio-ya həmin vaxt 2.5 milyon peso ($775,000) ödənilməsi nəzərdə tutulurdu.
2008-ci ilin oktyabrında isə Argentinanın aeronaviqasiya orqanları heykəlin ucaldılacağı məkanla bağlı məsələ qaldırıblar. Onların bildirdiyinə görə, abidə prezident helikopterlərinin enişinə əngəl törədə bilər.
Qətiyyət
Lakin keçmiş konqresmen Pepe layihə ilə bağlı öz qətiyyətini nümayiş etdirərək, müəyyən edilmiş yeri müdafiə edib.
O, heykəlin növbəti ilin 17 oktyabrınadək tamamlanacağına ümid edirdi. Həmin gün peronistlər 1945-ci ildə yüz minlərlə insanın küçələrə axışaraq cənab Peronun o zamankı hərbi hakimiyyət tərəfindən həbsinə etiraz etdiyi günü qeyd edirlər.
Lakin həmin tarix gəldi və keçdi və heç nə baş vermədi.
Yeni tarix isə 25 may 2010-cu ilə - Argentinanın İspaniyadan müstəqilliyini qazandığı günə təyin edilir. Ancaq yenə də müəyyən edilmiş tarixdə abidə ucaldılmır.
Maliyyə çətinlikləri
Bu dəfə isə maliyyə ilə bağlı problemlər ortalığa çıxır.
2002-ci ildən bəri hakimiyyətdə peronist prezidentin olmasına baxmayaraq, indiyə qədər 10,000 dollardan artıq pul toplamaq mümkün olmayıb.
Lakin buna baxmayaraq, cənab Pepenin heykəlin ucaldılması ilə bağlı ümidləri ölməyib. “Mən ölməmişdən öncə onun tamamlanmasını görmək istəyirəm və bunun üçün də əlimdən gələni edəcəm,” o deyir.
Heykəltaraş Enrique Savio isə deyir ki, hər kəs heykəlin hazırlanmasını görmək istəyir, lakin əslində heç kim bu istiqamətdə bir iş görmür.
Müxalifət partiyası tərəfindən idarə olunan Buenos Aires şəhər hakimiyyəti isə keçmiş prezident üçün özlərinin hazırlayacağı abidəni digər heykəlin yaxınlığında ucaltmağı planlaşdırır.
Reallıq isə ondan ibarətdir ki, Juan Domingo Peron-un ölümündən 40 il keçsə də, Buenos Aires üçün planlaşdırılan heç bir abidə ucaldılmayıb.
























