İD-yə qarşı əməliyyat: İraq-Suriya sərhədində ağır döyüşlər gedir

peshmerga_iraq_afp
Şəklin alt yazısı, Kürd dəstələri İraq və Suriya sərhədi yaxınlığında İD silahlılarına qarşı şiddətli döyüşlər aparır
Çap edildi

Kürd dəstələrinin “İslam dövləti” silahlılarına qarşı durduğu Suriya-İraq sərhədinin strateji əhəmiyyətli hissəsinin hər iki tərəfində ağır döyüşlər gedir.

Xəbər verildiyi kimi, ağır itkilərə baxmayaraq, kürdlər Mosul şəhərinin 100 kilometrliyində şimal-qərbdə yerləşən Rabia şəhərini öz nəzarətləri altına qaytarıblar.

Bu arada, İD silahlıları sərhədin o biri tərəfindən Suriya kürdlərini sıxışdırıb çıxarmağa çalışırlar.

ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri sərhədin hər iki tərəfindən İD silahlılarının mövqelərinə hava zərbələrini endməkdə davam edirlər.

Eyni zamanda Türkiyə ərazisinə bir neçə mərmi düşdükdən sonra Türkiyə tankları Suriya ilə sərhəddə strateji mövqelərə çıxıblar.

Yaxın vaxtlarda Türkiyə hökuməti Suriyada və İraqda İD yaraqlılarına qarşı hərbi əməliyyatlara qatılmaq icazəsini almaq üçün parlamentə müraciət etmək niyyətindədir.

İntiarçılar hücumu

Kürd hərbi birləşmələri ağır itkilər verir. Döyüş komandirlərindən biri intiharçı bombardmançı hücumu nəticəsində həlak olub.

iraq_uniform
Şəklin alt yazısı, Kürd döyüşçüləri İD nəzarəti altında olan ərazilərdən gələn intiharçıların hücumları nəticəsində itkilər verir

BBC müxbiri Jim Muir xəbər verir ki, kürdlər ABŞ-ın havadan dəstəyi sayəsində silahlıların kürdlərin nəzarəti altında olan ərazilərə müdaxiləsinin qarşısı alınacağına ümid edirdilər. Lakin bu, hələlik baş vermir.

Sərhədin əks tərəfindən vəziyyətə Suriya kürdləri nəzarət edir, lakin onlar da İD silahlılarının hücumlarına məruz qalırlar, Jim Muir bildirir.

İlk zərbələr

İD silahlılarının mövqelərinə ilk zərbələri çərşənbə axşamı günü Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları endirib.

Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatına görə, hücum nəticəsində cihadçılara məxsus hərbi sursatla dolu bir yük avtomobili və ağır silahlar ləğv edilib.

raf_iraq_mod
Şəklin alt yazısı, Çərşənbə axşamı günü Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları İD silahlılarının mövqelərinə ilk zərbələri endirib

Bundan öncə “Tornado” bombardmançı-qırıcıları bir neçə döyüş uçuşu edib, lakin hər dəfə heç bir atəş açmayıb bazaya qayıdıblar.

Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond bununla bağlı bəyan edib ki, hava kəşfiyyatının dəqiq məlumatları olmadan Britaniya təyyarələri hədəfləri bombardman etməyəcəklər.

Onlar yalnız mövqelərin həqiqətən “İslam dövləti” dəstələrinə məxsus olduğuna əmin olduqdan sonra zərbələr endirəcəklər, Hammond vurğulayıb.