Ebola böhranı: Ölənlərin sayı 4,447 nəfərə çatıb

Ebola
Şəklin alt yazısı, ÜST bəzi ərazilərdə xəstəliyin yayılma sürətinin azaldığını qeyd edib
Çap edildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, əksəriyyəti Qərbi Afrikadan olmaqla Ebola virusundan ölənlərin sayı 4 447 nəfərə çatıb.

ÜST baş katibinin köməkçisi Bruce Aylward xəstəliyə qarşı görülən səylərə baxmayaraq, yaxın 2 ay ərzində Ebolaya yoluxanların sayının 10 000-ə çata biləcəyini deyib.

Eyni zamanda o, bəzi ərazilərdə virusun yayılma sürətinin azaldığını da qeyd edib.

Qərbi Afrika ölkələri Syerra Leone, Liberiya və Qvineya epidemiyadan ən çox zərər çəkənlər sırasındadır.

ÜST, ölüm halları da daxil olmaqla, 8 914 xəstəlik hadisəsinin qeydə alındığını bildirərək, həftənin sonunadək bu rəqəmin 9,000-dək arta biləcəyi barədə xəbərdarlıq edib.

Ebola ilə bağlı xəbərlər dünyanın müxtəlif yerlərindən gəlməkdədir:

  • Londonda Heathrow aeroportunda Ebola yoxlamaları başlayıb
  • Syerra Leone paytaxtı Freetown-da ordu təlim-məşq mərkəzində Ebolaya qarşı yoxlama zamanı mərkəzdə çalışan yerli həkimin virusa yoluxduğu aşkar edilib
  • Dallas hospitalında çalışan tibb işçisinin virusa yoluxduğu aşkar edildikdən sonra tibbi personalın qoruyucu paltar geymə qaydalarına əməl etməsinə nəzarət gücləndirilib
  • ABŞ-da Ebola virusuna şübhəli bilinənlərə təcili qayğı göstərilməsi məqsədilə çevik tibbi briqadalar yaradılıb
  • Liberiyada xəstəliyə tutulmuş sudanlı BMT səhiyyə işçisi Almaniyaya müalicəyə aparılsa da, orada vəfat edib
  • Facebook yaradıcısı Mark Zuckerberg və onun həyat yoldaşı Ebola əleyhinə mübarizəyə 25 miliyon dollar (19,60 milyon AZN) ianə ayırıblar
  • Afrika xaricində Ebolaya yoluxan ilk şəxs olmuş ispaniyalı tibb bacısı kritik vəziyyətdə olmasına baxmayaraq, həkimlər onun səhhətində yaxşılaşmaya doğru əlamətlərinin olduğunu bildiriblər
  • Syerra Leone təhlükəsizlik qüvvələrilə paytaxt Freetown-da Ebola şübhəlisinin cəsədinin yığışdırılmasının yubadılmasına etiraz edən kütlə arasında toqquşma baş verib
Map

*Dallas və Madrid istisna olmaqla bütün xəstələr Ebolaya Qərbi Afrikada yoluxub

Yayılması davam edir

Cenevrədə Bruce Aylward reportyorlara bildirib ki, Qərbi Afrikada xəstəliyin tuğyan etdiyi 3 ölkədə Ebola virusu yayılmaqda davam edir.

Rəsminin sözlərinə görə, hazırda Ebola xəstəliyinə yoluxanlar arasında ölüm əmsalı 70 faiz təşkil edir, bu isə Ebolanı ölüm riski olduqca yüksək olan xəstəliklər cərgəsinə aid edir.

Ebolaya tutulma hallarının 95 faizi xəstəliyin "ənənəvi episentrlərini əhatə edir", və hazırda orada infeksiyanın yayılması sürətinin azalması müşahidə edilməkdədir, Bruce Aylward qeyd edib.

Lakin onun təbirincə, bunu uğur kimi qiymətləndirlmək hələlik tezdir.

ÜST-nin son proqnozuna görə dekabrda ayında Qvineya, Liberiya və Syerra Leone-də hər həftə xəstələrin sayı orta hesabla 5000-10000 təşkil edə bilər.