Honq Konq rəsmiləri yeni danışıqlara hazır olduqlarını bildirib

Honq Konq
Şəklin alt yazısı, Honq Konq administrasiyasının rəhbəri CY Leung etirazçılarla yeni danışıqlara hazır olduğunu bildirib.
Çap edildi

Honq Konq rəsmiləri etirazçılarla yenidən danışıqları başlamağa hazırdır, şəhər administrasiyasının rəhbəri Leung Chun-ying bildirib.

Nümayişçilərin polis qüvvələrilə toqquşmaları artıq ikinci gündür ki, davam etməkdədir.

Etirazçılar hökümət binaları qarşısından keçən əsas yolu bloklayıblar.

Honq Konq polisi şəhərin əsas magistralını bağlamağa çalışan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Toqquşma zamanı iki nəfər həbs olunub.

Cümə axşamı günü baş verən etirazlara səbəb, bir gün əvvəl şəhərin mərkəzini etirazçılardan təmizləməyə cəhd edən polis əməkdaşları tərəfindən bəzi nümayişçilərin döyülməsi olub.

Honq Konq
Şəklin alt yazısı, Honq Konqda etirazlar davam edir.

Polis əməkdaşlarının hərəkətlərinə etiraz bildirmək üçün yüzlərlə nümayişçi cümə axşamı günü Daxili İşlər Nazirliyi binası qarşısına toplaşıblar.

Honq Konqda kütləvi etiraz aksiyalarına səbəb rəsmi Pekinin 2017-ci il Honq Konq administrasiyası başçısının seçkisində namizədlərə Çin mərkəzi hökümətinin nəzarətini təmin edən qanunvericiliyi dəyişmək istəməməsidir.