Naməlum şəxs Kanada parlamentində atəş açıb

Şəklin mənbəyi, AFP
Çap edildi
Naməlum şəxs Kanadanın paytaxtı Ottavada Parlamentin yaxınlığında yerləşən Milli Hərbi Memorialın yanında atəş açıb, sonra parlament binasına qaçıb və 30-a yaxın güllə atıb.
Atəş açan şəxs hal hazırda zərərsizləşdirilməyib. Kanadanın CBC telekanalı və bəzi millət vəkilləri hərbçilərdən birinin öldürüldüyünü bildirir, amma bu məlumat hələ ki, təsdiqlənməyib.
Ölkənin baş naziri Stephen Harper parlament binalar kompleksini tərk edib və hal hazırda təhlükəsiz yerdədir, baş naziri əhatə edənlərə istinadən Kanada televiziyası xəbər verir.
Daha əvvəl, çərşənbə günü Kanada hakimiyyəti ölkədə terror təhlükəsi səviyyəsini yenidən nəzərdən keçirərək, onu "aşağı" səviyyədən "orta" səviyyəyə dəyişib.




















