Suriya münaqişəsi: 36 saat ərzində "200 hava zərbəsi"

Paytaxt Dəməşqin Duma rayonu bazar ertəsi hava zərbələrinə məruz qalan ərazilərdən biridir.
Şəklin alt yazısı, Paytaxt Dəməşqin Duma rayonu bazar ertəsi hava zərbələrinə məruz qalan ərazilərdən biridir.
Çap edildi

Suriya hərbiyyəsi son günlərdə hücumlarını intensivləşdirərək, üsyançıların nəzarətində olan ərazilərə 200-dən artıq hava zərbəsi endirib, fəallar bildirir.

Britaniyada mənzillənən Suriya fəallarının “Syrian Observatory for Human Rights” (SOHR) qrupu əsasən qərbi əyalətlərdə baş verən hücumların bazar günü və çərşənbə axşamı yer aldığını bildirir.

20 oktyabrda Dəməşqdə baş verən hücumda xəsarət almış uşağa səhra hospitalında tibbi yardım göstərilir.
Şəklin alt yazısı, 20 oktyabrda Dəməşqdə baş verən hücumda xəsarət almış uşağa səhra hospitalında tibbi yardım göstərilir.

Həmlələr nəticəsində çox sayda insan itkisinin olduğunu bildirən hüquq müdafiəçiləri ölənlərin dəqiq sayı barədə məlumat verməyib.

Təhlilçilərə əsasən hücumlar ABŞ təlimlərini almağa hazırlaşan üsyançıları zəiflətmək məqsədilə həyata keçirilir.
Şəklin alt yazısı, Təhlilçilərə əsasən hücumlar ABŞ təlimlərini almağa hazırlaşan üsyançıları zəiflətmək məqsədilə həyata keçirilir.

Suriyada həyata keçirilən yeni hücumlar koalisiya qüvvələrinin Suriya və İraqdakı İD mövqelərinin hədəflənməsinə təsadüf edir.

ABŞ və ərəb ölkələrinin hərbi təyyarələri Kobani şəhərində cihadçılara qarşı hava zərbələrini davam etdirirlər.

Bu arada ABŞ hərbçiləri Kobanidəki kürd döyüşçülərinə ünvanlanan ABŞ silahlarının İD əlinə keçməsini iddia edən videonun araşdırıldığını bildiriblər.

İraqdakı kürd rəsmiləri bazar ertəsi Kobaniyə 120 peşmərgə döyüşçüsünün göndərildiyni bildirib. Bazar ertəsi Türkiyə Kobaniyə yollanacaq kürdlərin öz ərazisindən keçməsinə icazə verəcəyini deyib.

Hərçənd ki, Türkiyə sərhədində olan BBC müxbiri Kasra Naji peşmərgələrin nə zaman Kobaniyə gələcəyi barədə məlumatın olmadığını bildirir.

ID təyyarələri "məhv edilib"

Suriya hava qüvvələri üsyançıların nəzarət etdiyi Quneitra, Dəraa, Dəməşqin ətraf rayonları, Həma, İdlib və Hələb şəhərlərindəki hədəflərə qarşı hava hücumları həyata keçiriblər, SOHR qrupu bildirir.

Cənub-qərbdən şimal-qərbədək yerləşən bölgələrlə yanaşı hava zərbələrinə ölkənin şimal şərqindəki İD nəzarətində olan Deir al-Zour şəhəri də məruz qalıb.

İordaniya ilə həmsərhəd bölgədə yerləşən Nassib şəhərində çərşənbə axşamı həyata keçirilən hökumət qüvvələrinin həmləsi 8 adamın ölümünə bais olub, fəallar bildirirlər.

Müxalifətin Əlaqələndirici Komitəsi şəbəkəsinə əsasən təyyarələrdən şəhərə partayıcı ilə dolu kanistrlər atılıb.

Çərşənbə günü Murak və Kəfr Zaita şəhərlərinə 10-dan artıq hava hücumu gerçəkləşdirilib, SOHR bildirir.

Təşkilat hər gün orta hesabla 12-20 hava hücumunun yer aldığını bildirir. Beləki, son 36 saat ərzində 210 hava həmləsi hücumların sayının ciddi şəkildə artmasına dəlalət edir.

Təhlilçilərə əsasən Suriya hərbiyyəsi İD-ə qarşı vuruşmaq üçün ABŞ təlimlərini keçib, hərbi silah-sursat alacaq üsyançıları qabaqcadan zəiflətməyə çalışır.

Bu arada Suriyanın informasiya naziri İD əlinə keçən iki və ya üç reaktiv təyyarənin məhv edildiyini bildirib.

Təyyarələr Hələb yaxınlığındakı Jarrah aerodromuna endikdən sonra hədəfləniblər, Omran al-Zoubi Suriya dövlət televiziyasına müsahibəsində deyib.

Fəallara əsasən İraq hava qüvvələrinin sabiq pilotları İD-nin əlinə keçən təyyarələrlə cümə günü Hələb üzərindən uçublar.