Rusiyanın Fransada sifariş etdiyi hərbi gəmilər NАТО və ya Kanadaya satıla bilər

Mistral
Şəklin alt yazısı, Mistral hərbi gəmilərini Moskva Fransada 2011-ci ildə sifariş edib.
Çap edildi

Bir qrup ABŞ konqresmeni NATO Baş katibini Rusiyanın Fransada sifariş etdiyi helikopter daşıyan "Mistral" adlı 2 hərbi gəmisini almağa çağırıb.

"Biz bir daha NATO-nu gəmiləri almağa və ya birgə istifadə üçün icarəyə götürməyə çağırırıq", ABŞ Konqressi Nümayəndələr Palatasının səkkiz üzvü alyansın rəhbəri Jens Stoltenberqə ünvanlanmış məktubda qeyd ediblər.

Onların qənaətincə, belə bir addımın NATO tərəfindən atılması prezident Putinə alyansın onun "Avropada atdığı təhlükəli addımlarla barışmayacağını" nümayiş etdirərdi.

Bundan əvvəl həmin gəmiləri almaq niyyətində Kanadanın da ola biləcəyi məlum olub.

Cümə axşamı Fransa hökümətinin rəsmisi Mistral gəmilərinin Rusiyaya verilməsi şərtlərinin hələlik razılaşdırılmadığını qeyd edib.

Ötən həftə Fransa höküməti gəmilərdən birincisinin Rusiyaya noyabrın 14-də təhvil veriləcəyini BBC-ə təsdiqləyib.

Fransa mətbuatının yazdığına görə, buna barədə məlumatlar prezident Francois Hollande-nin Kanadaya ötən həftə başa çatmış səfərindən sonra yayılmağa başlayıb.

"International Business Times" nəşrinin məlumatına əsasən, Kanada son zamanlar hərbi dəniz qüvvələrinin modernləşdirilməsilə məşğuldur.

Rusiya 2 Mistral gəmisinin tikintisini Fransaya 2011-ci ildə sifariş etmişdi, müvafiq kontrakt Fransanın DCNS şirkətilə Rusiyanın "Rosoboroneksport" qurumu arasında imzalanmışdı.