Güclü tayfun Filippinə yaxınlaşır

Şəklin mənbəyi, AP
Güclü Hagupit tayfunu Filippin sahillərinə yaxınlaşarkən bu cənub-şərqi Asiya ölkəsinin minlərlə sakini sığınacaqlara üz tutub.
Özü ilə saatda 230 km sürətli külək, yağış gətirən tayfun Filippin sahillərinə şənbə günü çatacaq.
Hagupit ötən il minlərlə adamın ölümünə səbəb olan Haiyan qasırğasının tuğyan etdiyi şərqi və şimali Samar bölgələrinə istiqamət alıb, sinoptiklər deyirlər.

Şəklin mənbəyi, EPA
Hələ də müvəqqəti evciklərdə məskunlaşan bir çox yerli sakin sahil bölgələrini tərk etməyə tələsir.

Şəklin mənbəyi, REUTERS
Cümə günü fövqəladə hallar xidmətlərinin başçılarını qəbul edən Filippin prezidenti qasırğanın təsirinə məruz qalacaq bölgələrə ərzaq və maddi resurslar göndərilməsinə dair göstəriş verib.
Benigno Aquino həmçinin, mümkün talançılıq hallarının qarşını almaq üçün bölgədə əlavə polis və hərbçilərin yerləşdiriləcəyini deyib.

Şəklin mənbəyi, AFP
Filippin lideri Haiyan tayfunu qədər güclü olacağına işarə edən əlamətlərin nəzərə çarpmadığını bildirib.
Filppində Yolanda adlanan Haiyan qasırğası indiyədək quruda qeydə alınan tayfunlar arasında ən güclüsü sayılır.
Filippin ərazisinə daxil olan qasırğalara yeni adlar verilir.
Yerli televiziya mağazalarla yanacaq doldurma stansiyalarında benzin və ərzaq tədarükü edən sakinlərin növbələrini nümayiş etdirib.
Bir çox adam isə qasırğanın yaxınlaşmasını idman stadionlarında gözləyəcək.
Hökumət ölkə boyu 26 evakuasiya mərkəzi təşkil etdiyini elan edib.
"Biz Yolanda-dan ibrət dərsi almışıq, - 39 yaşlı Rita Villadolid AFP agentliyinə bildirib. - Buradakı adamların hamısı vahimə içindədir”.
Ötən ilin noyabr ayında Filippində tüğyan edən Haiyan tayfunu nəticəsində 7,000 adam ölüb və ya yoxa çıxıb.
























