BBC-nin rəy sorğusu: Tənhalıqda keçən Milad

BBC Radio 5 kanalının aparıdığı rəy sorğusuna görə, yetkin yaşda olan britaniyalıların 28 faizi müəyyən vaxtlarda özünü tənha hiss edir.
2000 nəfərin iştirak etdiyi rəy sorğusunun nəticələrinə əsasən, adamların 7 faizi və yaşı 65-dən yuxarı olanların 10 faizi bu Milad bayramını ümumən tək keçirəcəyini gözləyir.
Miladı tənha keçirəcəyini bildirənlərin çoxu kişilər və bir də yoxsul ailələrdən çıxanlardır.
“Tənhalığa Son” kampaniyasının sözçüsü bildirib ki, sorğunun nəticələri “xeyli narahatlıq doğurur”.
BBC-nin və Compres mərkəzinin keçirdikləri araşdırma belə nəticələrə gəlib:
Yetkinlik yaşında olanların 28 faizi müəyyən vaxtlarda özlərini tənha hiss etdiklərini bildirib.
33 faiz deyib ki, onlar kommunikasiyaların yeni növlərindən, necəsə geridə qalıblar və 85 faizin rəyinə görə bu adamlar qohumları və dostları ilə üzbəüz ünsiyyətdə olmağa üstünlük verərdilər.
Adamların 65 faizi bu qənaətdədir ki, onlar tənha olan qohumlarına, dostlarına və qonşularına daha çox kömək etməlidirlər.
18-24 yaşları arasında olanlar (30 faiz), yaşı 65-i keçənlər (31 faiz) qədər tənhalıq hiss edirlər.
“Tənhalığa Son” (Campaign to End Loneliness ) kampaniyasının direktoru Laura Ferguson vurğulayır ki, “tənhalıq” təkcə Milad bayramında yaşanan təcrübə deyildir və odur ki, adamlara bütün il boyu kömək edilməlidir.
Xeyriyyə təşkilatı izah edir ki, tənhalıq müəyyən vaxtlarda gəlib-keçən, yəni ötəri də ola bilər, xroniki də. Xroniki tənhalıqda olan insanlar onu əksər vaxtlarda və ya həmişə hiss edirlər.
Risk faktorları
Tənhalıq hər yaşda hiss oluna bilər, lakin insanlar yaşlandıqca, tənhalığa aparan risklər çoxala və çulğalaşa bilər.
Risk faktorlarına bunlar daxildir, hərçənd başqa faktorlar da mümkündür:
Səhhətin pisliyi
İctimai nəqliyyatın yoxluğu
Hərəkiliyin itirilməsi
Aşağı qazanc
Hüzn-kədər
Cinayət qurbanı olmaq xofu
Pensiyaya çıxmaq
Mənbə: “Tənhaklığa Son” Kampaniyası (Campaign to End Loneliness)
Təsadüf elə gətirib ki, bu rəy sorğusunun nəticələrinin dərc olunduğu bir vaxtda, BBC tənhalıq yaşayan insanların həyat şəraitinə və onların bu problemi necə həll etməyə çalışdıqlarına dair silsilə proqramlar və müsahibələr hazırlaylıb.
Radio 5-ə müsahibə verən 29 yaşlı Cabir tənhalığı “qəlb iztirabları verən bir hiss adlandırıb – elə bir hiss ki, onun yerini nəyinsə doldura bilməyəcəyini düşünürsən”.
32 yaşlı mühasib Vicki Waddinghama Mançester şəhərində çoxdan arzuladığı iş yerini əldə edəndən az sonra döş xərçəngi diaqnozu qoyulub.
Bu qadın əməliyyat edilib, radioterapiyadan və kimya terapiyasından keçib.
Xanım Waddingham BBC-yə deyib: "Ən ağır vaxtlar onda olurdu ki, mən xəstəxanada idim və qonaqlar üçün ayrılmış vaxt bitirdi. Mən yatağıma uzanar və xəstəxananın səslərinə qulaq kəsilərdim. Üstəlik heç cür başımdan ata bilmirdim ki, mən xəstəyəm. Belə vaxtlarda özümü tənha hiss edirdim”.
“Gəzməyə getməyəcək dərəcədə üzülmüş”
“Yenidən işə getmək çox çətin idi. Hamı mənə dəstək bildirir və salamlayırdı, lakin mən xərçəng barədə düşüncələrin girdabındaydım, – deyir qadın, - "Heç kimi yaxşı tanımırdım və bütün qüvvəmi işə sərf edirdim. İşdə olmayanda da, o qədər üzülmüş olurdum ki, küçəyə çıxıb adamlarla görüşə və ya həmişə sevdiyim işlərlə məşğul ola bilmirdim”.
BBC həmçinin, tənhalıq hiss edən adamlar üçün nəzərdə tutulmuş bir sıra layihə-proqramlara baş çəkib.
“Bertonvud Toxuculuq Qrupu” (Burtonwood Sewing Group) adlanan belə layihələrdən birinə görə, təxminən 35 adam hər həftə bir araya gəlir.
Qrupun yaradıcısı Anne Carr deyir: “Sən lap adamla dolu bir otaqda da tənhalıq hiss edə bilərsən. Lakin belə görüşlər adamları bir-biri ilə danışmağa ürəkləndirir”.
BBC-nin çəkilişini apardığı başqa bir təşəbbüsə görə, “Mançester Kamerata” (Manchester Camerata ) orkestrinin “Songlines” adlı layihəsi autizmdən əziyyət çəkən uşaqların musiqi bəstələməklə ünsiyyət qurmalarını nəzərdə tutur.
Hökumət bundan əvvəllər də tənhalığı “milli bəla” mənbəyi adlandırıb və baş nazir də daxil olmaqla məşhur fiqurlar tənhalığa qarşı milli kampaniyalara qoşulublar.


























