#BBCAzeriTrending: Başı örtüksüz Michelle Obama

Michelle Obama
Çap edildi

ABŞ-ın birinci ledisi Michelle Obamanın prezident Barack Obama ilə Səudiyyə Ərəbistanına səfəri zamanı baş örtüyünü geyinməməsi səudiyyəli Twitter istifadəçiləri tərəfindən şərh olunub - amma gözlənildiyi qədər yox.

Bəzi xarici media orqanlarında sosial mediada böyük təşviş barədə məlumat yayılsa da, ərəbcədən "Michelle Obama başı örtüksüz" və ya "Michelle Obamanın qeyri-təvazökarlığı" kimi tərcümə olunan həştəq cəmi 2 500 dəfə istifadə olunub. Bu, kiçik rəqəm deyil - amma kifayət qədər çoxsaylı Twitter istifadəçiləri olan bir ölkə üçün böyük də deyil.

Bundan başqa, bu hadisənin "əks sədası" ABŞ prezidentinin səfəri ilə bağlı başqa bir həştəqlə müqayisədə heç də əhəmiyyətli olmayıb:

"Namaz üçün Obamanı tərk etdi"

"Kral Salman namaz qılmaq üçün Obamanı tərk etdi" həştəqi 170 000 dəfə istifadə olunub. Ölkənin yeni kralı Salman Obamaların səfəri zamanı namaz qılmaq üçün otaqdan çıxandan sonra bir çox səudiyyəlilər onu alqışlamaq üçün bu həştəqdən istifadə edib.

Angela Merkel
Şəklin alt yazısı, Səudiyyə Ərəbistanına gedən bəzi digər qadın rəsmilər də baş örtüyü geyinməməyi seçib

"Bu kişi namaz qılmaq üçün dünyanın ən mühüm ölkəsinin liderini tərk etdi", bir səudiyyəli Twitter istifadəçisi yazıb.

Michelle Obama barədə tvitləri izləyən BBC Monitoring deyir ki, "Michelle Obama başı örtüksüz" həştəqi daha çox hadisəni ələ salan və ya mühafizəkar Səudiyyə qaydalarını lağa qoyan istifadəçilər tərəfindən istifadə olunub.

Bəziləri Michelle Obamanın 2010-cu ildə Malayziyaya səfəri zamanı başını örtdüyünü göstərən fotolar paylaşıb, digərləri isə həştəq vasitəsilə krallıqda daha geniş azadlıqlara çağırıb.

Birinci ledinin baş örtüyü geyinməməsinə qəzəblənən istifadəçilərin sayı qat-qat az olub. Eyni zamanda tvitlərin çoxunda amerikalı istifadəçilər Səudiyyə Ərəbistanının ənənələrini tənqid edib. Tvitlərin cəmi 37 faizi Səudiyyə Ərəbistanının özündən gəlib.