İD-in hakimiyyətində yaşayan qadın cihadçilar üçün “davranış” qaydaları

Britaniyalı Aqsa Mahmud Suriyada İD döyüşçüsünə ərə getmiş Qırb qadınlarından biridir
Şəklin alt yazısı, Britaniyalı Aqsa Mahmud Suriyada İD döyüşçüsünə ərə getmiş Qırb qadınlarından biridir
    • Müəllif, Frank Gardner
    • Vəzifə, BBC Təhlükəsizlik məsələləri müxbiri
  • Çap edildi

Doğrudan da, görəsən qadın cihadçılar İslam Dövlətinin (İD) ekstremistləri arasında necə yaşayırlar?

İraq və Suriyada İD-i dəstəkləyən və özlərini “Xansa Briqadası” adlandıran qadınlar internetdə ərəbcə uzun bir traktat yerləşdiriblər. Əsas məqsədi Səudiyyə Ərəbistanından və Körfəz ölkələrindən qadınları səfərbər etmək olan bu traktatda suallara cavablar verilir, miflər dağıdılır.

İndi bu traktat ingiliscəyə tərcümə edilərək Londonda mənzillənmiş anti-ekstremist araşdırma mərkəzi “Quilliam” tərəfindən çap edilib.

“9 yaşlı qızın ərə getməsi tamamilə qanunidir” – sənəddə deyilir.

“Pak qızların çoxu 16-17 yaşlarında ərə gedir” – deyə traktatda əlavə edilir.

Ərə getdiyi andan etibarən qadın gözdən-nəzərdən uzaq olmalı, Xilafəti bağlı qapılar arxasından dəstəkləməlidir.

Sənəddə deyilir ki, qadınlar geridə qalmış olmamalı, təhsil görməli, ələlxüsus da İslam dininə aid hər şeyi bilməlidirlər, amma yalnız 15 yaşından başlayaraq.

Qeyd olunur ki, evdən çıxaraq işə gedən azad qadının Avropa modeli iflasa uğrayıb və “qadınlar kişilərlə bərabərlikdən tikandan başqa bir şey qazanmayıblar”.

Dəbli geyimlər satan "boutiques" dükanları İblis əməli sayılır.

“Miqrantlar üçün cənnət”

Bu uzun sənəd internetdə yanvarın 23-də dərc edilsə də, uzun müddət beynəlxalq medianın diqqətindən kənarda qalıb.

raqqa
Şəklin alt yazısı, Raqqa şəhəri İD-nin elan etdiyi Xilafətin paytaxtı sayılır.

Sənəd, Qərb ölkələrindən İD-ə mühacirət etmiş qadın cihadçıların sosial mediada post etdikləri avantürist və çox vaxt da zorakı mesajlardan xeyli fərqlənir.

Britaniyadan olduğu təxmin edilən 50 qadın da daxil, İD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya keçmiş minlərlə qadının, xarici səfərbərlərin 10 faizini təşkil etdikləri düşünülür.

Sənəd israr edir ki, qadınların rolu “oturaq”dır və onlar kişi cihadçıları onlar üçün uşaq doğmaq da daxil, evdən dəstəkləməlidirlər.

Traktatın böyük bir hissəsi İD-nin üsul-idarəsində yaşayan qadınların “normal həyat” yaşadıqlarının vurğulanmasına həsr edilib.

“Dövlət heç nəyi qadağan etmir” traktatda deyilir, lakin dərhal da əlavə edilir ki, kişilərin və qadınların mədrəsələrdəki yerləri bir-birindən ayrıdır.

İD-n de facto paytaxtı sayılan Raqqa şəhəri “mühacirlərin cənnəti” adlandırılır və deyilir ki, “ailələr burada aclıqdan, soyuq küləklərdən və şaxtadan” azaddırlar.

“Millətçiliyə lənət olsun – traktatda deyilir və izah olunur ki, Raqqada tayfalar birləşiblər, çeçen suriyalının dostudur, səudi qazaxın qonşusudur.

“Pozğun qadınlar”

Traktatda iddia olunur ki, əksinə Körfəz ərəb ölkələrindəki və Səudiyyədəki qadınlar “vəhşilik və düşmənçiliklə” üzləşirlər.

Sənəd izah edir ki, bu “vəhşilik və düşmənçilik” özünü qadınların kişilərlə birlikdə dükanlarda işləməsində, pasport və başqa kimlik sənədlərindəki fotolarda, Qərb təhsil ocaqlarında təhsil almaqda və Səudiyyənin Ciddə şəhərindəki “kafirlik universitetlərində”oxumaqda büruzə verir.

Regionda ən mühafizəkar media qurumlarından biri olan Səudiyyə televiziyası “fahişələrin və kafirlərin televizya kanalı” adlandırılır, yazar qadınlara isə “pozğun qadın” damğası vurulur.

Xaricdən gətirilən müəllimlər öz “zəhərli və kafir ateist ideyalarını yayan casuslar” kimi damğalanırlar.

Bu traktatda yezidi mülkilərin kütləvi şəkildə köləyə çevrilməsindən, azyaşlı qızların oğurlanaraq gətirilməsindən, kəsilən başların Raqqa şəhərində nizəyə taxılmasından və homoseksualların 7-ci mərtəbədən atılmasından bir kəlmə də deyilmir.

Bu sənəddə Raqqa və İD-in başqa mərkəzlərini hədəfləyən koalisiyanın hava zərbələri məsələsinə ötəri toxunulur.

Lakin bütün bunların fövqündə bir mühüm mesaj var: Qadınlar Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindəki ədalətsiz həyatdan qaçıb İslam Dövlətinin utopiyasına pənah gətirməldirlər.