HSBC bankı "müştərilərə milyonlarını vergidən yayındırmağa kömək edib"

Şəklin mənbəyi, Getty
BBC-ə məlum olub ki, Britaniyanın ən iri bankı olan HSBC varlı müştərilərinə Britaniya vergisindən milyonlarla funt pulu yayındırmağa kömək edib.
BBC Panorama proqramı HSBC-nin İsveçrədəki özəl bankından 2007-ci ildə sızdırılmış minlərlə bank hesabı ilə tanış ola bilib.
Əldə olunmuş məlumata əsasən bank əməkdaşları HSBC müştərilərinə qanun cızığından çıxmadan vergidən yayınmağda bələdçilik ediblər.
HSBC bəzi müştərilərinin bank məxfiliyindən yararlanaraq hesablarını gizli saxladıqlarını etiraf edib.
Eyni zamanda bank vəziyyətin hazırda "köklü surətdə dəyişdiyini" vurğulayıb.
2007-ci ildə Cenevrədə HSBC üşün çalışmış Herve Falciani adlı kompüter eksperti tərəfindən oğurlanmış bank hesabları ilə bağlı sənədlərə dünya boyu 100,000-dən çox müştərinin adı düşüb.
Ofşor bank hesabları qeyri-qanuni sayılmasa da, bəzi hallarda vergidən yayınma məhz bu cür hesablar vasitəsilə baş verir.
2013-cü ildə Fransa rəsmiləri isveçrə bankından oğurlanmış məlumatları təhlil edərək siyahıya düşmüş şəxslərin 99,8 faizinin vergidən yayındıqları nəticəsinə gəlib.
İsveçrədən sızdırılmış məlumatların minlərlə səhifəsi Fransanın Le Monde qəzetilə yanaşı Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsortsiumu, Britaniyanın The Guardian qəzeti və BBC Panorama proqramına, ümumilikdə dünyanın 50-dən çox mətbu orqanına göndərilib.
Sənədə 7,000-dək britaniyalı müştərilərin adı və onların vergidən gizlədilmiş bank hesabları da düşüb.
























