Türkiyə ordusu Süleyman şahın məqbərəsini evakuasiya edib

Çap edildi

Türkiyə ordusu Osmanlı imperiyasının əfsanəvi banisi Süleyman şahın cənazəsini və şah məqbərəsini qoruyan 38 türk əsgərini Suriya ərazisində daha təhlükəsiz yerə köçürüb.

Baş nazir Əhməd Davutoğlu türk qoşunlarının zirehli texnikanın dəstəyilə Suleyman şahın türbəsini və türbəni mühafizə edən kiçik qarnizonun evakuasiya olunduğunu təsdiqləyib.

Suriyada Süleyman şahın türbəsi yerləşdiyi ərazi türk anklavı sayılır.

İki ölkə arasında 1921-ci ildə imzalanmış sazişə əsasən, Fərat çayının sahilində yerləşən Osmanlı imperiyası banisinin məqbərisinin ərazisi Türkiyə ərazisinə aid olunur.

Həmin sazişə görə, məqbərənin yerləşdiyi ərazi türk anklavı statusuna malikdir və 38 əsgərlik kiçik türk qarnizonu tərəfindən mühafizə olunur.

Tərkibində 39 tank olan türk hərbi texnika karvanı Kobani şəhərindən keçərək məqbərəyə doğru hərəkət edib.

Kobani şəhəri Fərat çayı sahilində yerləşən Suleyman şah məqbərəsindən təxminən 35 km məsafədə yerləşir.

Türk ordusunun əməliyyatı kürdlərlə razılaşdırılmışdı.

Türkiyə XİN-i şahın cənazəsinin mühafizəsini daha asan təmin etməyə imkan verən Türkiyə sərhədinə daha yaxın olan əraziyə köçürüldüyünü bildirib.

İslam Dövləti cihadçı qrupu bu cür məqbərələri bütpərəstlik əlaməti sayaraq nəzarətində olan ərazilərdə onları məhv edir.