ABŞ tankları Baltik ölkələrindədir

us tanks
Şəklin alt yazısı, ABŞ tankları və döyüş maşınları bazar ertəsi Riqaya daxil olmağa başlayıb
Çap edildi

Yüzlərlə ABŞ hərbi maşını Baltikyanı dövlətlərin ərazisinə daxil olub və Avropada qalacaq. Missiyanın məqsədi Rusiyanın Ukrayna böhranındakı rolundan narahat olan NATO müttəfiq dövlətlərini arxayınlaşdırmaqdır.

Bu, Baltikada NATO donanmasının təlimləri və ABŞ piyada bölmələrinin göndərilməsilə üst-üstə düşür.

Ukraynada atəşkəsin qüvvədə olmasına baxmayaraq, münaqişə Rusiya ilə Qərb arasındakı inamsızlığı gücləndirib.

Çərşənbə axşamı Rusiya, Avropa silahlara nəzarət paktından çıxdığını bildirib.

Kəskinləşən qarşıdurma

1990-cı ildə, soyuq müharibənin sona çatığı ərəfədə imzalanmış Avropa Adi Silahlı Qüvvələri (CFE) müqaviləsinin məqsədi Atlantik Okeanı ilə Ural dağları arasında tankların, döyüş təyyarələrinin və ağır artilleriyanın sayının azaldılması idi.

Rusiya onsuz da iştirakını 2007-ci ildə dayandırmışdı. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, müqavilənin Vyanadakı məşvərətçi qrupunun əməli işi demək olar tamamilə yararsız idi.

Bu bəyanat, Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa Birliyinə həmləsinin ardından gəlib.

lavrov
Şəklin alt yazısı, Rusiya xarici işlər naziri xüsusi olaraq Aİ Şurasının prezidenti Donald Tusk-ın adını hallandırıb

“Brüsseldəki Aİ bürokratları bilərəkdən Rusiya ilə Aİ arasında qarşıdurmanı gərginləşdirirlər,” o bildirib.

Cənab Lavrov həmçinin, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk-ın adını vurğulayaraq, onu Aİ-nin Rusiyaya qarşı ABŞ qədər cəld tərpənməməsinə görə prezident Barack Obamadan üzr istəməkdə günahlandırıb.

Keçmiş Polşa baş naziri Vaşinqtonda bildirib ki, Aİ və ABŞ birlikdə “Rusiyanın qonşularına qarşı aqressiv siyasətinin qarşısını ala bilərlər”.

Bu arada, Ukrayna prezidenti Petro Poroşenko bazar ertəsi bildirib ki, hökumət qüvvələri bir çox raket və ağır artileriya sistemini geri çəkib. Eyni zamanda rusiyapərəst üsyançılar da “əhəmiyyətli bir hissəni geri çəkib”.

Lakin Rusiyanın Ukraynadakı iştirakı Baltik hökumətlərin narahatlığına səbəb olub.

Kreml bildirib ki, onun qoşunları döyüşlərdə birbaşa iştirak etmir. Lakin Ukrayna, Qərb və müstəqil ekspertlər buna inanmır.

Litva prezidenti Dalia Grybauskaite keçən həftə BBC-yə bildirib ki, ölkənin təhlükəsizliyinə qarşı təhdid “çox realdır”. O, Rusiyanın Baltik dənizində və sərhədyanı artan hərbi fəallığından danışıb

Qara Dəniz manevrləri

ABŞ hərbi səlahiyyətlisi BBC-yə bildirib ki, təxminən 250 ağır hərbi nəqliyyat vasitəsi Latviya paytaxtı Riqaya və Almaniyanın şimalına yetişib və “böhrana qarşı cəld reaksiya vermək üçün yerləşdirilib”.

Təchizat Baltik dövlətlərində və Polşada 90 günlük NATO təlimləri üçün saxlanılacaq, daha sonra isə Avropa boyu bölüşdürüləcək.

NATO hərbi dəniz təlimləri isə Qara Dənizdə çərşənbə axşamından həyat keçirilir və Bolqarıstan, Rumıniya və Türkiyə də daxil olmaqla, Qərb ittifaqının yeddi üzvü iştirak edir.

Rusiyanın bir il öncə Ukraynadan Krımı ilhaq etməsi NATO-nu narahat edib. Keçə həftə Rusiya, Krım və Gürcüstandan ayrılmış rusiyapərəst bölgə olan Abxaziya da daxil olmaqla, yeddi cənub bölgəsində hərbi təlimlərə başlayıb.