Google Avropa qəzetlərinin internet layihələrinə maliyyə dəstəyi verəcək

Çap edildi

Google şirkəti Avropanın bir qrup media vasitələrinin internetdə qazancını artırmaq üçün onlara maliyyə dəstəyi vermək niyyətindədir.

Şirkət həmin nəşrlərlə onlara maliyyə yardımı göstərilməsi barədə müvafiq müqavilə imzalayıb.

İmzalanmış saziş yaxın 3 il ərzində avropa nəşrlərinə maliyyə dəstəyi kimi 150 milyon avronun ($163milyon) ayrılacağını vəd edib.

Bu vəsaitin internetdə reklamın yerləşdirilməsi texnologiyalarına və yeni xəbər əlavələrinin işlənib hazırlanmasına sərf olunacağı güman olunur.

Layihəyə artıq Britaniyanın Financial Times, Guardian, İspaniyanın El Pais, Almaniyanın Die Zeit və Frankfurter Allgemeine Zeitung, İtaliyanın La Stampa nəşrləri, Hollandiyanın NRC Media şirkəti iştirak etməyə razılıq veriblər.

Google digər nəşrlərin də bu layihəyə qoşulmasını dəstəkləyir.

Lakin Google əleyhinə tənqidçi mövgedə dayanan bir neçə digər media vasitələri layihəyə qoşulmayıblar.

Qoşulmayanlar arasında, o cümlədən, Rupert Murdoch rəhbərlik etdiyi News Corp və Berlində mənzillənən Axel Springer Group şirkətlərinin də adı çəkilir.

Buna bənzər layihə Google tərəfindən 2013-cü ildə Fransa media vasitələri üçün də təklif olunmuşdu.

Avropa İttifaqı bu yaxınlarda Google şirkətini internetdə axrtarış sektorunda inhisarçılıq yaratmaqda ittihan edib

Byndan əlavə, Aİ Google saytının Android applikasiyalarını necə yaydığını araşdırmaq niyyətində olduğunu bildirib.

Eyni zamanda Aİ internetdə fərdlərə aid şəxsi məlumatların yayılması qaydalarını sərtləşdirmək niyyətindədir.

Google-un təşəbbüsünə qoşulmamış nəşrlər yeni layihəni şirkətin növbəti PR gedişi sayır.

Bundan əvvəl bəzi naşirlər Google-un internetdə pulsuz xəbərləri yerləşdirmək praktikasından narazılıq bildirmişdilər.

Onların təbirincə, həmin praktika qəzetlərin satışına mənfi təsir göstərir və onların reklamdan gəlirlərini azaldır.

Aprelin ortalarında Avropa Komissiyası Google şirkətini rəqabət qayadalarını pozmaqda ittiham edib.

Google rəqabət qanunvericiliyini pozduğuna görə 6 milyard dollar məbləğində cərimələnə bilər.