Səudiyyə kralı öz vəliəhdini təyin etdi

Şəklin mənbəyi, Getty
Səudiyyə Ərəbistanının yeni kralı Salman qardaşı oğlu Məhəmməd bin Nayefi vəliəhd və qüdrətli daxili işlər naziri postuna təyin edib.
Bu təyinat kralın yeni hökumət kabineti təşkilinin bir hissəsidir.
Kralın öz oğlu isə vəliəhdin müavini və xarici işlər naziri təyin olunub.
78 yaşlı kral Salman taxt-taca ötən yanvar ayında atabir qardaşı kral Abdullah bin Əbdül Əzizinin ölümündən sonra yüksəlib.
BBC-nin bu yaxınlarda Riyadda olmuş müxbiri Kim Ghattas deyir ki, yeni təyinatlar kral Salmanın özündən əvvəlki monarxın komandasıının üstündən xətt çəkdiyini göstərir.
Məsələn, onun atabir qardaşı Muqrin bin Əbdül Əziz hələ ötən həftəyədək vəliəhd şahzadə idi.
55 yaşlı Məhəmməd bin Nayefin və şahzadə Məhəmməd bin Salmanın vəzifəyə gətirilməsi o deməkdir ki, indi taxt-tac növbəsində krallığın əsasını qoyan kral Əbdül Əzizin törəməsi dayanıb.
Şahzadə Nayefin təyinatı heç şübhəsiz ABŞ tərəfindən yaxşı qarşılanacaq, beləki, o, təhlükəsizlik xidmətlərinin rəhbəri kimi islamçı silahlılara qarşı sərt siyasət yürüdüb və 2009-cu ildə az qala sui-qəsd qurbanı ola bilərdi.
Vəliəhd şahzadənin müavini Məhəmməd bin Salmanın da karyerası meteor sürəti ilə yüksəlir. O ötən yanvarda müdafiə naziri təyin edilmişdi və Yəməndəki hava reydlərinə məhz o cavabdeh idi.
Dünyanın ən uzun müddətdə vəzifədə olmuş xarici işlər naziri şahzadə Səud əl-Feysəli bu vəzifədə Səudiyyənin ABŞ-dakı səfiri Adel əl-Cübeyr əvəz edib. O kral ailəsinin üzvü deyil.
























