Nepal zəlzələsində ölənlərin sayı 10 mini keçmiş ola bilər

Çap edildi

Qırmızı Xaç 7,8 gücündə zəlzələnin episentrinə yaxın olan ölkənin mərkəzi bölgələrinin az qala tam dağılaraq çökdüyünü bildirir.

Xilasedicilər sağ qalanların bərbad şəraitdə yaşadığını qeyd edirlər.

Ən son məlumata görə, təbii fəlakət nəticəsində 6204 adam həlak olub. Lakin ucqarlarda yaşayan əhalinin müqəddəratı naməlum qaldığı üçün ölənlərin sayının 10 mini keçə biləcəyindən ehtiyat edilir.

Daxili İşlər Nazirliyi bildirib ki, əsas xilasetmə işləri Katmandu mərkəzinin tarixi məhəllələrində həyata keçiriləcək.
Şəklin alt yazısı, Daxili İşlər Nazirliyi bildirib ki, əsas xilasetmə işləri Katmandu mərkəzinin tarixi məhəllələrində həyata keçiriləcək.

Paytaxt sakinləri arasında zəlzələyə hakmiyyətin reaksiyası ilə bağlı narazılıq izhar olnur. Bu, öz təzahürünü Katmanduda keçən bir neçə etiraz aksiyasında tapıb.

Daxili İşlər Nazirliyi bildirib ki, əsas xilasetmə işləri başqa yerlərlə yanaşı xarabalıqlar altında sağ qalanların olduğu güman edilən şəhər mərkəzinin tarixi məhəllələrində həyata keçiriləcək.

Müxbirlər helikopter çatışmazlığının hiss olunduğunu deyirlər. Çin ölkəyə əlavə helikopter göndərəcəyini vəd etsə də, Nepal hakimiyyəti başqa ölkələrə də müraciət edib.

Müxbirlər helikopterlərin çatışmazlığının hiss olunduğunu deyirlər.
Şəklin alt yazısı, Müxbirlər helikopterlərin çatışmazlığının hiss olunduğunu deyirlər.

Beynəlxalq Qırmızı Xaç Federasiyası Katmandudan şimal-qərbə doğru yerləşən Sindxupalçok şəhərinin demək olar ki, yerlə yeksan olunduğunu bildirib.

Cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatı bu bölgədə 40 min evin çökdüyünü bildirib.

Hakimiyyət qarşıdan gələn aylarda kanalizasiya sisteminin bərpası, yolların qaydaya salınması, ölmüş heyvanların yığışdırılması kimi bir çox problemlərlə üzləşəcəyini bildirir.

Bu arada düyü anbarlarının məhvi ilə bağlı ərzaq probleminin yarana biləcəyindən ehtiyat edilir.