Yunanıstan avrozonadan müsbət rəy gözləyir

Yunanıstanın Baş naziri Tsipras Avrozona nümayəndə heyətinin rəhbəri Dijsselbloemlə danışıqlarda ölkəsinə kredit tranşının tezliklıə verilməsini istəyib.
Şəklin alt yazısı, Yunanıstanın Baş naziri Tsipras Avrozona nümayəndə heyətinin rəhbəri Dijsselbloemlə danışıqlarda ölkəsinə kredit tranşının tezliklıə verilməsini istəyib.
Çap edildi

Yunanıstan höküməti avrozona ölkələri nazirlərilə danışıqlarda edilmiş tərəqqini etiraf etməyə çağırıb.

Bu çağırışı Afina Beynəlxalq Valyuta Fondu (BVF) borcunun əsas payının ödənilməsilə bağlı danışıqların keçirilməsi ərəfəsində səsləndirib.

Avrozona ölkələri maliyyə nazirləri Brüsseldə bazar ertəsi görüşməlidirlər.

Müzakirə mövzusu Yunanıstana maliyyə yardımının ayrılması məsələsilə əlaqəlidir.

Afina bildirir ki, çərşənbə axşamı BVF-ə €750 milyon ($834 miıyon) məbləğində borcun ödənməsi öhdəliyinə əməl ediləcək.

Digər tərəfdən, sol təmayüllü hökümət sərt iqtisadi tədbirlər əleyhinə tərtiblənmiş seçki proqramına müddəalarına əməl etmək niyyətindədir.

Bu cür mövge Yunanıstanla Avropalı kreditorlar arasında anlaşılmazlığın yaranmasına səbəb olur.

Yunanıstanın borcu €320 milyard, Avropanın yardım paketi isə €240 milyarda bərabərdir.

2010-cu ildən bəri Yunanıstanın ÜDM-i 25 faiz azalıb, ölkədə işsizlik 25 faiz təşkil edir.

Afina iyun ayının sonunadək kreditorlarla yeni islahat proqramını razılaşdırmalıdır və ümid edir ki, Brüssel danışıqlarının pozitiv məcrada keçməsi Avropa Mərkəzi Bankına Yunanıstanın banlaklarının likvidlik qabiliyyətini bərpa etməyə əsas verəcək.

"Danışıqlarda əldə edilmiş irəliləyişin təsdiq olunmasını istəyirik", Baş nazir Aleksis Tsipras hökümətin iclasında bildirib.

Avrozona nazirləri isə sövdələşməyə nail olucağına ümid bəsləmirlər.

"İrəliləyiş edilib, lakin sövdələşmənin əldə olunmasına yaxınlaşmamışıq", Avropa qrupunun sədri Jeroen Dijsselbloem İtaliyanın Corriere della Sera nəşrinə bildirib.

"Avroqrupun bazar ertəsi keçiriləcək iclasında sövdələşmə əldə olunmayacaq", o, deyib.

Yunanıstan borcunun yığılmış faizlərinə görə BVF-ə €200 milyon ödəniş etməlidir, ödənişin vaxtı ötən çərşənbə günü çıxıb.

Yunanıstan höküməti BVF və Aİ-nın €240 milyardlıq yardım paketinin €7,2 milyard dəyərində tranşını almağa cəhd göstərir və xəbərlərə görə Aleksis Tsipras bu məbləğin ölkəsinə dərhal verilməsini istəyir.

Ötən həftə Yunanıstan Maliyyə naziri Yanis Varufakis BBC-ə sazişin "yaxın bir neçə həftəyə" əldə olunacağına inanmadığını bildirib.

Varufakis eləcə də Aİ-ni lənglilikdə ittiham edib.

Keçən həftə Yunanıstan parlamenti əvvəlki hökümətin sərt iqtisadi tədbirləri çərçivəsində ixtisara saldığı minlərlə işçinin əvvəlki iş yerlərində bərpa edilməsi barədə qərara səs verib.

Yunanıstanın ödəniş öhdəlikləri:

  • 12 May: Yunanıstan aldğı borcundan BVF-ə €760 milyon ödəməlidir
  • 15 May: Yunanıstan €1.4 milyard dəyərində vaxtı çıxmış ödəniş öhdəliyini təzələməlidir
  • Mayın sonu: hökümət təqaüd və maaşları ödəmək üçün €2.5 milyard vəsait tapmalıdır
  • 30 iyun: Avrozona ilə Yunanıstan arasında €240 milyardlıq yardım paketinin müddəti rəsmən bitir
  • İyun və iyul: Avropa Mərkəzi Bankına €6.7 milyard ödənməlidir