Poroşenko: Donbas problemini güclə həll etmək mümkün deyil

Angela Merkellə görüşdən sonra Petro Poroşenko ölkənin şərqindəki sülh prosesilə bağlı narahatlığını bildirib.
Şəklin alt yazısı, Angela Merkellə görüşdən sonra Petro Poroşenko ölkənin şərqindəki sülh prosesilə bağlı narahatlığını bildirib.
Çap edildi

Ukrayna prezidenti Petro Poroşenko Minsk razılaşmalarını “psevdobarışıq” adlandırsa da deyib ki, münaqişənin hərbi yolla tənzimlənməsinin mümkün olmadığı üçün Kiyev Donbasda hərbi hərəkətləri bərpa etmək niyyətində deyil.

Ukrayna lideri bu mülahizəsilə Almaniyanın ZDF kanalalına müsahibəsində bölüşüb.

Petro Poroşenko deyib ki, əsas prioritet ölkənin müdafiə qabiliyyətinin artırılması olmalıdır, çünki tanınmamış Donetsk və Luhansk “xalq respublikaları”nın silahlı tərəfdarları Krıma quru ilə yol açmaq və Mariupol şəhərini ələ keçirməyə cəhd edə bilərlər.

Qeyri-sabit əminamanlıq

Çərşənbə günü Berlində Ukrayna prezidentilə görüşü vaxtı Almaniya kansleri Kiyevin dəstəyə layiq olduğunu deyib.

Xanım Merkellə görüşdən sonra Petro Poroşenko ölkənin şərqindəki sülh prosesilə bağlı narahatlığını Rusiyanın Donbasda hərbi mövcudluğunun artırılması ilə əlaqələndirib.

Kiyev və Qərb ölkələri Moskvanı tanınmamış “DXR” və “LXR”-ə dəstəkdə və münaqişədə iştirak etməkdə suçlayırlar. Moskva bu ittihamları rədd edir.

Poroşenkonun bəyanatından əvvəl Qərb ölkələrinin diplomatları Ukraynanı hərbi hərəkətləri bərpa etməməyə səsləyiblər.

Bu yaxınlarda Petro Poroşenko deyib ki, əminamanlıq Krım və Donbasın qaytarılmasından sonra bərpa olunacaq. Ukrayna prezidenti həmçinin Donetsk hava lımanı üzərində nəzarəti bərpa etməyə səsləyib.

Tanınmamış “DXR” nümayəndəsi bunu hərbi hərəkətlərin bərpasına çağırış kimi dəyərləndiriblər.