Pentaqon: İraq ordusu islamçılarla döyüşmək istəmir

Şəklin mənbəyi, AFP
ABŞ müdafiə naziri Ashton Carter bəyan edib ki, İraq qüvvələrinin Ramadi şəhərindən geri çəkilməsi onların “İslam dövləti” qruplaşması ilə döyüşmək iradəsi olmadığına dəlalət edir.
CNN-ə müsahibəsində Carter izah edib ki, Ramadi uğrunda döyüşdə İraq hərbçiləri sayca cihadçılardan üstün olublar, lakin buna baxmayaraq geri çəkilmək qərarına gəliblər.
İraq Müdafiə və Təhlükəsizlik Komitəsinin başçısı Carter-in sözlərini əsassız və həqiqətə uyğun olmayan adlandırıb.
İraq hökuməti “İslam dövləti” silahlılarının hücumunu dəf etmək niyyətilə bölgəyə şiə könüllülərinin qoşun bölmələrini göndərib.
Şənbə günü könüllülər yaraqlıları Ramadinin şərqindəki Anbar əyalətinin paytaxtı Husaybadan vurub çıxarıblar. Bazar günü Ramadidə şiddətli döyüşlər davam edib.
2011-ci ildə Amerika qoşunları İraqdan çıxarıldıqdan sonra, ABŞ hökuməti səylərini İraq silahlı qüvvələrinin təliminə və hazırlığına yönəldib.
Lakin son il ərzində İraq hökumət qoşunları “İslam dövləti” qruplaşması ilə döyüşlərdə bir neçə ağır məğlibiyyətə uğrayıb.
“İradəsizlik”
Geri çəkilərkən İraq qüvvələri Amerika texnikası və hərbi avadanlığı atıb və onlar cihadçılara nəsib olub.
“Görünür, belə bir şey baş verib: İraq qüvvələri heç döyüşmək iradəsi göstərməyib. Onlar azlıq təşkil etməyib. Faktiki olaraq sayca düşməndən xeyli üstün olublar”, - iraqlıların Ramadidə hərəkətlərinə dair Ashton Carter deyib.
“Biz onları öyrədə bilərik, biz onlara hərbi sursat tədarük edə bilərik, lakin biz onları döyüşməyə sövq edə bilmərik”, - Pentaqon başçısı əlavə edib.

Şəklin mənbəyi, AFP
Ramadidən İraq hərbçilərinin geri çəkilməsi ilə bağlı Ashton Carter vəziyyəti son dərəcə həyəcanlı kimi qiymətləndirib.
BBC-nin Vaşinqton müxbiri Rajini Vaidyanathan-ın sözlərinə görə, ABŞ müdafiə nazirinin şərhləri “İslam dövlətinin” öhdəsindən yalnız İraqa Amerika hərbi kontingenti göndərməklə mümkün olduğunu israr edən prezident administrasiyasının tənqidçilərinin ürəyincə olar.
BBC-yə müsahibədə İraq baş naziri Haider al-Abadi Pentaqon başçısının bəyanatına təəccüb etdiyini bildirib.
“Carter İraqa çox kömək edir. Mən əminəm ki, ona yanlış məlumat veriblər”, - Abadi deyib.
İraq baş naziri həmçinin tabeçiliyində olan qüvvələrin yaxın günlərdə Ramadini yenidən nəzarəti altına alacağında əmin olduğunu bəyan edib.


























