ABŞ dövlət sənədlərinə “kütləvi haker hücumu”

Şəklin mənbəyi, PA
ABŞ-ın dövlət idarələri hakerlərin kütləvi hücumuna məruz qalıb. Hücum zamanı hakerlər milyonlarla dövlət işçisinin şəxsi məlumatlarını əldə ediblər.
Kadrlarla iş İdarəsinin məlumatında bildirilir ki, hakerlərin əlində 4 milyona yaxın hazırda və təqaüddə olan dövlət işçilərinin sənədləri var.
Haker hücumunun tam miqyası hələ də müəyyən edilməyib. Bu hücumun bütün federal sənədlərə aid olacağı da ehtimal edilir.
ABŞ senatının kəşfiyyat komitəsinin üzvü senator Susan Collins bəyan edib ki, bu hücum çinli hakerlərin işidir.
Vaşinqtondakı Çin səfirliyi bəyanat yayaraq, hamını “tələsik nəticə çıxarmamağa” çağırıb.
Dövlət departamentinin nümayəndəsi Marie Harf haker hücumuun arxasında Çin hökumətinin durduğu iddiasını təsdiqləməyib.
Hal hazırda bu hadisə Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır.
2014-cü ilin noyabrında da hakerlər ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyinin 25 min əməkdaşının sənədlərini əldə etmişdi.
Aprelin birində Prezident Barak Obama sərəncam imzalayıb. Sərəncama görə, kibercinayətkarlıq törətmiş şəxslər aşkar edildiyi təqdirdə sanksiya siyahısına əlavə ediləcək. Bu siyahıda adı olanların şəxsi bank hesabları dondurulacaq, onların ABŞ ərazisinə daxil olması qadağan ediləcək. Bundan başqa, Amerika şirkətləri və maliyyə təsisatlarına şübhəli bilinənlərlə hər hansı iş qurmaq qadağan ediləcək.

























