Polşa aviaşirkətinin reysləri haker hücumuna görə təxirə salınıb

LOT aviaşirkətinin uçuşları haker hücumuna görə pozulub.
Şəklin alt yazısı, LOT aviaşirkətinin uçuşları haker hücumuna görə pozulub.
Çap edildi

Polşanın LOT hava yolları şirkəti kompüterlərinə haker hücumu nəticəsində bazar günü 1400 sərnişin Varşava beynəlxalq aeroportundan yola düşə bilməyib.

Şirkətin 10-dək beynəlxalq və daxili reysi ləğv olunub, daha 12 reysi isə yubadılıb.

Naməlum hakerlərin hücumu nəticəsində uçuşlar cədvəlinin tərtibatına cavabdeh sistemin işi pozulub.

Nəticədə Varşava aeroportundan təyyarələr havaya qalxa bilməyib.

Aviaşirkət belə bir haker hücumuna ilk dəfə olaraq məruz qaldığını bildirib.

Haker hücumu fəsadlarının aradan qaldırılmasına 5 saat sərf etmək lazım gəlib.

Hücumun təfsilatları araşdırılmaqdadır.

Haker hücumları qarşısında uçuş kompüter sistemlərinin müdafiəsiz qalması son zamanlar beynəlxalq mülki aviasiya rəsmilərini daha çox narahat etməkdədir.

Rəsmilər narahatdırlar kı, aviasiya sistemlərinin internet şəbəkələrilə getdikcə artan inteqrasiyası kiberterrorçulara təyyarə kompüterlərinə qoşularaq uçuşu məsafədən idarə etməyə imkan verə bilər.