Afina borc böhranını çözə biləcəyinə əmindir

Şəklin mənbəyi, Reuters
Yunanıstanın İqtisadiyyat naziri ölkənin borc böhranının çözülməsi üçün yeni təkliflərin şərtlərini açıqlayıb.
Həmin şərtlər arasında sahibkarlıq fəaliyyətinə və varlılara yeni vergilərin tətbiq edilməsi də nəzərdə tutulur, Giorgios Stathakis eksklüziv olaraq BBC-ə bildirirb.
Avrozonaya daxil ölkələrin Maliyyə nazirləri bu planı bəyənərək "bir neçə günə" sövdələşmənin əldə olunmasının mümkün olmasını dilə gətiriblər.
Yunanıstan bu ayın sonunadək Beynəlxalq Valyuta Fonduna (BVF) £1.1 milyardlıq borcu qaytarmasa, defolt vəziyyətinə düşə bilər.
Giorgios Stathakis BBC müxbirinə bildirib ki, Yunanıstanın Aİ liderlərinə təqdim etdiyi yeni təkliflər ölkə büdcəsini balanslaşdıraraq kreditorlarla münasibətdə yaranmış dalan vəziyyətdən qurtulmaq imkanı verir.
Onun təbirincə, Afinanın təqdim etdiyi təkliflərdə bəzi seçmə məhsul növlərinə vergi dərəcəsinin qaldırılması da nəzərdə tutulub.
Təhlilçilərə görə, yaxın 24 saat Yunanıstanın borc böhranının çözümü üçün həlledici ola bilər.
Problemin çözülməsi yollarının müzakirə edilməsi üçün Avropa İttifaqı liderləri Brüsseldə növbədənkənar iclas keçirirlər.
Yunanıstan Baş naziri Aleksis Tsipras sammit başlanarkən Yunanıstanın "avrozona çərçivəsində iqtisadi inkişaf yoluna qayıdacağına" ümidvar olduğunu bildirib.
Lakin Avropa xarici İşlər nazirləri bazar ertəsi Yunanıstana növbəti dəfə maliyyə yardımının göstərilməsi barədə qərar vermək üçün hələlik heç bir əsasın olmadığını bildiriblər.
Yunanıstan baş naziri Aleksis Tsipras ölkəsininin xarici borca görə defolta uğramasına yol verməmək üçün Aİ-ə yeni təkliflər təqdim etərək təqaüdlərin ixtisarı, elektrik enerjisi tariflərinin qaldırılması kimi qeyri-populyar tədbirlərə hökümətin razılıq verməyəcəyini vəd edib.
Brüsseldə bazar ertəsi işinə başlamış Aİ sammiti iştirakçıları Yunanıstan borcu ilə bağlı problemin həlli yollarını tapmağa çalışırlar.
Bazar günü Yunanıstan Baş naziri Aleksis Tsipras Aİ liderlərinə Afinanın Beynəlxalq Valyuta Fondundan aldığı 1,6 milyard avro borca görə defoltdan yayınmaq üzrə yeni təklif təqdim etmişdi.
Bəzi Brüssel məmurları bu təklifi "ümidverici" sayır.
Yunanıstan iyun ayının sonunadək BVF-ə aldığı borca görə ödənişlər etməlidir.
Bu baş verməsə, ölkə avrozonanı və ola bilsin ki, Aİ-nı tərk etməli olacaq.
BVF, Avropa Komissiyası və Avropa Mərkəzi Bankı ilə Yunanıstan arasında danışıqlar 5 aydır kı davam etməkdədir.
Bu qurumlar Afinaya 7,2 milyard avro həcmində yardımın verilməsini Yunanıstanın iqtisadi islahatlar proqramının keçirilməsinə razılaşması ilə şərtləndirirlər.


























