“Əş-Şəbab hücumunda” Keniya fəhlələri öldürülüb

Şəklin mənbəyi, AP
Keniya ilə Somali sərhədindəki hərbi hissəyə yaxın ərazidə baş vermiş hücum nəticəsində ən azı 14 adam öldürülüb və bir neçə nəfər yaralanıb.
Ölənlərin yerli mədən işçiləri olduğu bildirilir. Somalidə fəaliyyət göstərən əş-Şəbab qrupunun hücumda əli olduğu bildirilir.
Mandera qraflığının polis rəisi Alex Ole Nkoyo hücumun işçilər yatarkən baş verdiyini deyib.
Keniyanın Qırmızı Xaç təşkilatı yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə təyyarə göndərdiyini qeyd edib.
Əş-Şəbab məsuliyyəti üzərinə götürməyib. Lakin islamçı qrupun silahlıları keçmişdə bənzər hücumlarla tanınıb.
Garissa Universitetinə basqın onlardan ən qanlısı olub. Aprel ayında baş verən hücumda 148 adam öldürülmüşdür.
2013-cü ildə cihadçıların paytaxt Nayrobidəki Westgate ticarət mərkəzinə daha bir hücumu 67 adamın ölümünə səbəb olmuşdur.




















