Barack Obama iqlim dəyişikliyi ilə bağlı planlarından danışıb

Şəklin mənbəyi, AP
ABŞ prezidenti Barack Obama iqlim dəyişikliyi ilə bağlı "ən böyük və vacib addım" adlandırdığı planlarından danışıb.
Yenidən işlənmiş "Təmiz Enerji Planı"nın məqsədi, ABŞ elektrik stansiyalarının istixana qazları tullantılarının miqdarını 15 il ərzində təxminən üçdə birə endirməkdir.
Tədbirlər külək və günəş elektrik stansiyaları və digər bərpa olunan enerji mənbələrinə xüsusi diqqət ayıracaq.
Lakin, energetika sənayesindəki rəqiblər bu plana qarşı mübarizə aparmağa söz veriblər.
Onlar deyirlər ki, Cənab Obama ABŞ-da elektrik tələbatının əsas ödəyicilərindən olan "kömürə müharibə" elan edib.
Yenidən işlənmiş plan 2030-cu ilə qədər enerji sektorundan karbon tullantılarının azaldılmasını 32 faizə çatdıracaq.
Hər bir ştat, üzərinə emissiya-kəsici məqsəd götürərək Ətraf Mühitin Mühafizəsi Agentliyinə təqdim etməlidirlər.
Hərçənd bir sıra ştatlarının qubernatorları plana məhəl qoymayacaqlarını deyiblər.
Demokratların prezidentliyə namizədi Hillari Clinton bildirib ki, əgər o prezident seçilsə, planı müdafiə edəcək.
Hesab edilir ki, yenidən işlənmiş plan ABŞ elektrik enerjisinin və təbii qazın payını indiki səviyyədə saxlamağa çalışacaq.
Elektrik stansiyası ABŞ-da istixana qazlarının ən böyük mənbəyidir.
























