Londondan Nyu Yorka bir saata təyyarə ilə

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Jane Wakefield
- Vəzifə, BBC-nin texnologiyalar müxbiri
- Çap edildi
Airbus şirkəti Londondan Nyu Yorka bir saata uça biləcək hipersonik – səsdən iti sərnişin təyyarəsinin patentini qazanıb.
“Concord 2.0” adlandırılan bu təyyarə səsdən 4 dəfə sürətlə uçmalıdır.
ABŞ Patent İdarəsinin kitabındakı sənədlərin şərti adı “ultrasürətli hava maşını və ona aid hava hərəkəti metodu”dur.
Beləliklə, biz doğrudanmı hava nəqliyyatında inqilabın astanasındayıq?
Hipersonik apparat necə işləyir?
Sənədlərə əsasən sözü gedən təyyarənin sürəti Max 4,5-ə çatmalıdır (Aerodinamikada əsas kriteriayalardan biri olaraq səs və ona yaxın sürətlərin göstərilməsi üçün Max rəqəmindən istifadə edilir) ki, bu da səsin sürətindən dörd dəfə yarım çoxdur. Concorde təyyarələrində bu rəqəm Max 2 idi.
Patent ərizəsində deyilir ki, təyyarənin müxtəlif məqsədlərə xidmət edən müxtəlif mühərrikləri olacaq. Enerji təyyarənin göyərtəsində quraşdırılmış hidrogen çənindən alınacaq.
Füzelajın altındakı iki turbomühərrik və arxadakı raket mühərriki təyyarə havaya qalxarkən işləyəcək. O, “Space Shuttle” gəmisi kimi havaya şaquli qalxacaq.
Havaya qalxdıqdan sonra iki turbomühərrik söndürüləcək və gövdəyə yığılacaq və bu zaman raket mühərriki təyyarəni 30 kilometr yüksəkliyə qaldırmaq üçün təkan verəcək.
Adətən raketlərdə işlədilən reaktiv mühərriklər işə düşərək sürəti Max 4,5 rəqəminə çatdıracaq.

Şəklin mənbəyi, BBC World Service
Sərnişin belə təyyarədə özünü necə hiss edəcək?
Patent ideayalarını populyar tərzdə izah edən PatentYogi internet saytının yazdığına görə təyyarənin uçuş trayektoriyası “dünyanın ən böyük rollerkosterini” xatırladacaq.
Sərnişinlər asma beşiyə bənzəyən oturacaqlarda əyləşəcəklər. Bu, rahat uçuş üçün mühümdür.
Sərnişinlər ağzınadək dolu salonda uçmayacaqlar. Patent ərizəsinə görə bir reysdə 20 sərnişin olacaq və bu, daha çox şəxsi təyyarəni xatırladacaq.
Bu ideya təkcə kommersiya uçuşları ilə məhdudlaşmır. Airbus, təyyarənin hərbi funksiyalar üçün də istifadə oluna biləcəyini bildirib.
Bu təyyarə Concorde-un uğursuzluna düçar olmayacaq ki?
Əfsanəvi Concorde istismardan 2003-cü ildə xidmətlərinin bahalığına görə çıxarılıb.
1970-ci illərdə supersonik – səsdən iti gedən təyyarələr səs-küyünə və 4 turbomühərrikinin yaratdığı gurultuya görə şikayətlərə səbəb olurdu.
Nəticədə belə təyyarələrin yer səthi üzərində uçuşu qadağan edilmişdi və maliyyə baxımından sərfəli deyildi. Ondan yalnız ifrat zəngin adamlar üçün “transatlantik hava taksisi” kimi istifadə edilirdi.
Yeni patentin ərizəsində gurultu məsələsinə də toxunulub. Təyyarənin şaquli qalxması səsi bütün istiqamətlərə eyni dərəcədə yayacaq və gurultu yer səthinə çatmayacaq.
Yeni təyyarənin “qotik üslüblü üçkünc qanad” adlanan dizaynı müəyyən mənada Concorde-un əyri gövdəsini xatırladır.
Biletimizi nə vaxt ala bilərik?
Bu qədər də tələsməyin.
Patent ərizələrinin böyük bir qismi real məhsul şəklində işıq üzü görmədən yatıb qalır, hərçənd bu patentdəki bəzi texnologiyalar Airbus şirkətinin bir sıra məhsullarında istifadə oluna bilər.
Elə Airbus şirkətinin özü patentlərə o qədər də maraqla yanaşmır və bildirirdi ki, “modellərin konsepsiya və ideyaları əsaslandırmanın çox erkən mərhələsindədir”.
Əslində bu ideya ilk dəfə 2011-ci ildə ortaya atılmışdı, lakin ona maraq indi artıb, çünki ideya ABŞ Patent İdarəsinin patentini qazanıb.
O vaxtlar Avropa Aeronavtik Müdafiə və Kosmos Şirkəti (European Aeronautic Defence and Space Company - EADS) kimi tanınan Airbus bildirirdi ki, bu ideya ümumiyyətlə həyata keçərsə onun istismarına daxil olmaq üçün 30-40 il vaxt lazım gələcək.
Hərçənd Airbus bunu da bildirmişdi ki, iki hipersonik layihə üzərində işləyir. Bunlardan biri yaponlara aiddir, digəri isə Rusiya və Avstraliyanın iştirakı ilə işlənir.
























