Bağdad bazarında partlayış: onlarla adam ölüb

Şəklin mənbəyi, Reuters
İraq paytaxtının şimal-şərqindəki bazarda yük maşınında quraşdırılmış bomba partlayışı nəticəsində 50-dən artıq adam həlak olub.
Partlayışda çox sayda xəsarət alanların olduğu xəbər verilir. Polis və xəstəxana rəsmiləri AP agentliyinə 58 adamın öldüyünü bildiriblər.
Partlayış əsasən şiələrin yaşadığı Sədr Sitidə baş verib. Bu qəsəbə indiyədək İslam Dövləti qruplaşması silahlılarının bir neçə hücumuna məruz qalıb.
Bağdadın ən iri bazarlarından birində baş verən basqına görə məsuliyyəti üzərinə götürən olmayıb.
Cümə axşamı bölgələrdən bazarlığa gələnlərin sayı artdığı üçün partlayışın baş verdiyi vaxt hadisə yerində qələbəlik olub.
Reuters agentliyinə danışan hadisə şahidlərindən biri partlayışın yerli vaxtla 06:00-da baş verdiyini deyib.
Son aylar ərzində İraq paytaxtında bir neçə bomba basqını yer alıb. İyul və may aylarında Bağdadın iki ən iri oteli qarşısında baş verən partlayışlar onlarla adamın ölümünə bais olub.
Lakin son partlayış 2014-cü ildə baş nazir Heydər əl-Abadinin hakimiyyətə gəlməsindən bəri Bağdadda törədilən ən irimiqyaslı hücum olub, Reuters agentliyi bildirir.
























