Çində partlayışlar: ərazidə yanğınlar tam söndürülməyib

Partlayışlar şəhərin liman hissəsində "təhlükəli və kimyəvi malların" saxlanıldığı anbarda baş verdiyi bildirilir
Şəklin alt yazısı, Partlayışlar şəhərin liman hissəsində "təhlükəli və kimyəvi malların" saxlanıldığı anbarda baş verdiyi bildirilir
Çap edildi

Çinin şimalındakı Tianjin şəhərində baş verən partlayışlardan sonra yaranmış yanğın mərkəzləri tam söndürülməyib.

Çərşənbə günü gecə saatlarında baş vermiş partlayış sənaye limanı rayonunda dağıntılara, binaların və minlərlə təzə avtomobillərin yanmasına səbəb olub.

Hakimiyyət 56 nəfərin ölümü ilə nəticələnən hadisə yerinə hərbi kimyəvi ekspertlər komandası göndərib.

Ordunun tərkibində olan 200-dən çox kimya mütəxəssislərinin ilk tapşırığı havadakı zəhərli qazların miqdarını ölçməkdir.

Həmçinin xilasetmə qruplarına qoruyucu geyimlərdən istifadə etmək əmri verilib, dövlət xəbər agentliyi Xinhua yazıb.

Məlumata görə, kimyəvi maddələr emal edən Ruihai Logistics adlı şirkətə məxsus anbar partlayıb.

Çin Kommunist Partiyasının rəsmi qəzeti olan The People's Daily yazıb ki, xilasedicilər hadisə yerində yığılan "bütün 700 ton natrium sianidi aradan qaldırmağa çalışır".

3500-dən çox sakin müvəqqəti sığınacaqlarda gecələyir
Şəklin alt yazısı, 3500-dən çox sakin müvəqqəti sığınacaqlarda gecələyir

Partlayışa və kimyəvi maddələrin sızmasına nəyin səbəb oluğu hələlik məlum deyil.

3500-dən çox sakin müvəqqəti sığınacaqlarda gecələyir, yüzlərlə yaralı var. Onlardan 71-nin vəziyyəti ağırdır.

Ölənlər arasında yanğınsöndürmə xidmətinin azı 17 əməkdaşı da var. Onlardan 36 nəfəri yoxa çıxıb.

Sosial mediada paylaşılan foto və videolarda alovlar və binaların dağıldığı görüntülənib.

Partlayışın səbəbi hələlik məlum deyil
Şəklin alt yazısı, Partlayışın səbəbi hələlik məlum deyil
Sosial mediada hadisənin baş verdiyi ərazidən görüntülər yayımlanıb.
Şəklin alt yazısı, Sosial mediada hadisənin baş verdiyi ərazidən görüntülər yayımlanıb.

Tianjin Çinin ən əhəmiyyətli sənaye şəhərlərindən biri sayılır. Şəhər həmçinin dünyanın ən gur limanlarındandır.

Prezident Xi Jinping yanğının qarşısının alınması və qurbanların xilası üçün "bütün cəhdlər"ə baş vurmağa çağırıb, Xinhua agentliyi bildirib.

Birinci və ikinci partlayış çərşənbə günü Bakı vaxtilə təxminən 18.30-da bir-birinin ardınca baş verib.

Partlayış nəticəsində yüzlərlə avtomobil yanaraq məhv edilib
Şəklin alt yazısı, Partlayış nəticəsində yüzlərlə avtomobil yanaraq məhv edilib

Partlayışın yaratdığı şokdalğaları bir neçə kilometrdən hiss edilib.

BBC Çincə Xidmətinin redaktoru Raymond Li deyir ki, bütün əlamətlər hadisənin sənaye xarakterini daşığını göstərir.