Banqkok partlayışında iki şübhəli polisə "təslim olub"

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Tayland paytaxtı Banqkok şəhərində törədilmiş partlayışda şübhəli bilinən iki şəxs könüllü şəkildə polisə təslim olub, hakimiyyət bildirir.

Bazar ertəsi Erawan məbədində baş verən partlayışdan əvvəl müşahidə kameralarına düşən iki nəfər, turist bələdçisi olduğunu israrlayır.

Bundan əvvəl polis bildirib ki, ən azı 20 nəfərin ölümü ilə nəticələnən basqının "beynəlxalq terrorçu qrupu" tərəfindən həyata keçirilməsi "ehtimalı aşağıdır".

Cümə axşamı polis şübhəli şəxsin sürətinin əsas cizgilərini özündə birləşdirən fotorobot təsvirini yayıb.

Əynində sarı mayka olan həçin şəxs belindəki rükzakını məbəddə qoyub getdiyi zaman təhlükəsizlik video kameralarına düşmüşdü.

Bu arada isə Banqkokda bazar ertəsi partlayış baş vermiş Erawan məbədi çərşənbə günü fəaliyyətini bərpa edib.

Azı 20 nəfərin həyatını itirdiyi və 100-dən çox insanın yaralandığı hadisəyə görə məsuliyyəti heç kəs üzərinə götürməyib. Ölənlərdən azı 8 nəfər xarici vətəndaşdır.

Məbəd yerli vaxtla 08:00-da (01:00 GMT) açılıb və insanlar Hind tanrısı Brahmanın bir az zədələnmiş abidəsinin önünə gül-çiçək qoyub. Məbəd Brahmaya həsr olunsa da, hər gün buranı minlərlə buddist ziyarət edir.

BBC müxbirinin sözlərinə görə, ərazidə təhlükəsizlik təminatı aşağıdır və burada gəzişən insanlar yoxlanılmır. O deyir ki, partlayışdan sonra əraziyə səpələnmiş insan qalıqlarının təmizlənməsi çərşənbə günü səhər saatlarında başa çatıb.

Polisin əsas şübhəli hesab etdiyi şəxs, həmin gün məbəddə çantasını qoyub çıxan sarı köynək geyinmiş kişidir.

Taylandın baş naziri Prayuth Chan-ocha bazar ertəsi Banqkokda məbədin partladılmasını "ölkəyə baş vermiş ən pis hücum" kimi dəyərləndirib.

Müdafiə naziri isə bomba yerləşdirən şəxslərin ölkə turizmini və iqtisadiyyatını zədələmək məqsədi ilə "qəsdən turistləri hədəf aldıqlarını" deyib.

Banqkokda dünən ayrı bir hücum zamanı körpüdən partlayıcı qurğu atılıb.

Qumbara olduğu güman edilən həmin qurğu camaatın gur gəzdiyi Banqkokun Sathorn körpüsünə atılıb, lakin suya düşüb partladığından heç kimi zədələməyib.

"Həmin qurğu suya düşməsəydi, partlayış ağır fəsadlarla nəticələnəcəkdi", ərazinin polis rəisinin müavini polkovnik Natakit Siriwongtawan Reuters agentliyinə bildirib.

Məbəd son illər siyasi nümayişlərin mərkəzi olan Ratchaprasong qovşağında, beşulduzlu mehmanxana və ticarət mərkəzinin ortasında yerləşir.

Bazar ertəsi baş vermiş hücumun kim tərəfindən və nə məqsədlə törədildiyi hələlik məlum deyil.

Milli polis rəisi Somyot Poompummuang bildirib ki, bomba məbədin daxilində yerləşdirilib.

"Bombanı yerləşdirən şəxslərin məqsədi öldürmək olub," o, bildirib.

Məlumata görə, bobmada 3 kq TNT istifadə olunub. Partlayış yerli vaxtla saat 19:00-da baş verib.

Nation TV kanalı Baş Nazir Prayuth Chan-ocha-nın hadisə ilə bağlı "cavab addımları" hazırlamaq üçün hökumət iclası keçirəcəyini deyib.

Banqkok 10 illiklər boyunca müxtəlif siyasi qruplaşmaların zorakı rəqabətinə şahid olub.

Ötən ilin may ayında hərbçilər seçilmiş hökuməti uzaqlaşdıraraq ölkə idarəsini öz üzərilərinə götürüblər. Paytaxt şəhərdə o zamandan bəri "sakitçilik" olub.