Alman avtobus sürücüsünün çıxışı hitə çevrilib

Almaniyada mühacirlər
Şəklin alt yazısı, Bu il Almaniyada həm mühacirət üçün ərizələrdə, həm də mühacirlərin yaşayış yerlərinə hücumlarda kəskin artım müşahidə olunub
Çap edildi

Almaniyada avtobus sürücüsünün bir qrup miqrant sərnişini salamlaması ölkə mediasının diqqətini cəlb edib.

Sven Latteyer, bədaətən söyələdiyi nitqi edərkən, avtobus sakit Bavariya şəhərilərindən biri olan Erlangenin yanından keçirdi.

Yerli "Nuernberger Nachrichten" qəzeti yazır ki, Latteyerin avtobusunda, bəziləri Afrikadan olmaqla 15 gənc əcnəbi varmış. Sərnişinlərdən bir xatırlayır ki, sürücü mikrofonu əlinə götürərək belə bir elan edib: "Bağışlayın, bu avtobusda bütün dünyadan olan xanımlar və cənablar! Sizə sözüm var. Mən sizə "xoş gəlmisiniz" demək istəyirəm. Almaniyaya, mənim ölkəmə xoş gəlmisiniz…"

Sonra isə azacıq fasilə verəndən sonra əlavə edib: "Sizə yaxşı bir gün arzulayıram!"

Bu nitq, "almanlar da daxil olmaqla", əvvəlcə çaşqın nəzərlər, sonra isə gülüş və alqışlarla qarşılanıb. "Bir afrikalı isə yaşarmış gözlərini silirmiş".

Sürücünün çıxışı Almaniyada sürətlə məşhurlaşıb və müsbət reaksiyalar yaradıb. "Avtobus sürücüsünə eşq olsun!" – yazıb Twitterdə bir kişi və "ürək" emotikonu əlavə edib.

Başqa birisi isə belə yazıb: "Bu yaxınlarda mən demişdim ki, indi heç kəs "Almaniyaya xoş gəlmisiniz" salamından istifadə etmir. Nə yaxşı ki, mən yanılırmışam". Hətta ZDF telekanalının aparıcısı da bu xəbəri deyərkən azacıq qəhərlənib.

Cənab Latteyer deyib ki, belə bir nitq etmək ideyasını ona, 1990-cı illərdə Kosovo münaqişəsindən qaçqın düşən qayını və İkinci Dünya Müharibəsində yaralanmış babası verib.

2015-ci il ərzində az qala 180 min insan Almaniyadan sığınacaq istəyib. Bu, ötənilki rəqəmdən iki dəfə çoxdur. Hərçənd bu müddət ərzində miqrantlar üzərinə hücumlar da kəskin artıb. Bura, bütün ölkə boyunca ifrat sağçı qruplaşmaların vandalizm və yanğın basqınları da daxildir.

Xəbəri BBC Monitoring hazırlayıb.